Penalti, etiraz və qızıl qol: Seneqal tarix yazdı
İdman
19.01.2026 10:00
Seneqal millisi futbol üzrə Afrika Millətlər Kubokunun qalibi olub.
TodayPress TV xəbər verir ki, Afrika Millətlər Kubokunun finalında Seneqal millisi dramatik hadisələrlə yadda qalan oyunda baş mükafata sahib çıxıb.
Matçın əsas və əlavə vaxtında gərgin anlar yaşanıb. Qarşılaşmanın əsas vaxtına əlavə olunan 100-cü dəqiqədə baş hakim Mərakeş millisinin xeyrinə penalti təyin edib. Bu qərarla razılaşmayan Seneqal yığmasının bütün üzvləri etiraz əlaməti olaraq meydanı tərk edib və oyun müvəqqəti dayandırılıb.
Daha sonra Seneqal millisinin hücumçusu Sadiyo Mane komanda yoldaşlarını soyunub-geyinmə otağından geri qaytarıb. Təyin olunan penaltini Brahim Dias panenka üslubunda yerinə yetirmək istəsə də, Seneqalın qapıçısı zərbəni dəf edib.
Oyun uzatma dəqiqələri ilə davam edib. 94-cü dəqiqədə Seneqal millisinin yarımmüdafiəçisi Pap Qeye həlledici qolu vuraraq komandasına 1:0 hesablı qələbə və ikinci dəfə Afrika Millətlər Kubokunun çempionluğunu qazandırıb.
Xatırladaq ki, Seneqal millisi bundan əvvəl Afrika Millətlər Kubokunu 2021-ci ildə qazanmışdı. Kamerunda keçirilən həmin finalda “şirlər” Misir yığmasına qarşı əsas və əlavə vaxtı heç-heçə başa vurmuş, penaltilər seriyasında isə 4:2 hesablı qələbə əldə etmişdilər.
Namiq HUN
tag: Seneqal,Afrika,Kubok,Qalib,Todaypress.tv,
