Gənc cüdoçularımız üçün böyük sınaq: Avropa çempionatı başlayır
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.
TodayPress TV xəbər verir ki, sentyabrın 3-dən 6-dək təşkil olunacaq qitə yarışında Azərbaycan 10 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Komandanın heyətində 9 oğlan və 5 qız yer alıb.
Oğlanlardan ibarət gənclər yığmasına baş məşqçi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu rəhbərlik edəcəklər. Qadınlardan ibarət komandaya isə baş məşqçi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qızların yarışında Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq), Aytən Verdiyeva və Xədicə Qədəşova (hər ikisi 57 kq) mübarizə aparacaqlar.
Oğlanlar arasında isə Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq), Əbil Yusubov (73 kq), Cəsur İbadlı və Mehdi Abbasov (hər ikisi 81 kq), Aslan Kotsoyev və Süleyman Şükürov (hər ikisi 90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu – 226 oğlan və 184 qız iştirak edəcək.
Namiq HUN
TodayPress TV