Əfsanədən “Liverpul”a xəbərdarlıq: Belə davam etsə, titullar gedə bilər
“Liverpul”un sabiq kapitanı Stiven Cerrard komandanın İngiltərə Premyer Liqasındakı uğursuz startından sonra futbolçuların fiziki güc və aqressivlik baxımından çatışmazlıqlarının olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “TNT Sports”a açıqlamasında deyib.
Cerrardın sözlərinə görə, Mersisayd təmsilçisi mübarizədə kifayət qədər sərt deyil və komandada oyunu dağıda bilən futbolçu çatışmır.
“Düşünürəm ki, hazırkı “Liverpul” müəyyən mənada həddindən artıq yumşaq komandadır. Onlara oyunu dağıdan futbolçu çatışmır. Çoxlu topalma cəhdi etmirlər və ikili mübarizələrin böyük hissəsində qalib gəlmirlər. Bu, yumşaq komandadır. Məşqçi üçün növbəti addım bunu dəyişməkdir. Komanda fiziki baxımdan daha güclü və aqressiv olmalıdır. Bəzən qələbələrə başqa üsullarla da nail olunur.
Onlarda texniki baxımdan güclü və istedadlı çoxlu futbolçu var, amma aqressivlik çatışmır. Əgər bu dəyişməsə, mövsümün əsas mərhələlərində, ən mühüm kuboklar uğrunda mübarizə gedərkən “Liverpul” kənarda qala bilər. Onlara sərtlik və güc çatışmır”, – deyə Cerrard bildirib.
Qeyd edək ki, “Liverpul” Premyer Liqanın ilk iki turunda hələ qələbə qazana bilməyib. Komanda hər iki oyunda 2:2 hesablı heç-heçə edib. Mersisaydlılar əvvəlcə “Nyukasl”, daha sonra isə “Nottingem Forest”lə xalları bölüşüb.
Namiq HUN
TodayPress TV