Çimərlik futbolçularımızdan intensiv hazırlıq

İdman

04.04.2026 17:00

Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Moldova yığması və “Alanyaspor” klubu ilə yoldaşlıq oyunları keçirəcək.

TodayPress TV “Report”a istinadən xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

O bildirib ki, komandanın təlim-məşq toplanışı aprelin 13-dək davam edəcək:

“Planda Moldova millisi ilə üç yoldaşlıq oyunu var. Bu görüşlər aprelin 5-də, 7-də və 8-də keçiriləcək. Aprelin 10-da və 11-də isə “Alanyaspor”la iki yoxlama oyunu baş tutacaq. Səfərin əsas məqsədi qüvvəmizi sınamaqdır”.

Mütəxəssis qeyd edib ki, əsas hədəf iyul ayında Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatıdır:

“İyulda Batumidə təşkil olunacaq Avropa çempionatına hazırlaşırıq. Hazırda heyətdə 13 futbolçu var. Onlardan dördü — İsa Zeynallı, Tural Qürbətov, İsa İsayev və Emil Umarov yenidir. İnanıram ki, bu toplanışdan sonra hazırlıq səviyyəmizi daha da artıracağıq və Batumidə keçiriləcək turnirə tam hazır olacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunda mübarizə aparacaq. Turnirdə komandamızla yanaşı, Gürcüstan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç yığmaları da iştirak edəcək.

Namiq HUN

TodayPress TV

tag: Alanyaspor,Moldova,Çimərlik futbolu,Təlim,Todaypress.tv,