Bilbao turu “Qarabağ”ın qırılma nöqtəsi olacaq

İdman

17.10.2025 12:11

Qayıdır. “Qarabağ”ın ürəyi qayıdır. “Qarabağ”ın maestrosu Marko Yankoviç “Atletik Bilbao” ilə oyunda heyətdə olacaq. Əla xəbərdir. Komanda “Atletik”lə oyuna daha ümidli gedəcək. Bilbao turu çempionumuzun qırılma nöqtəsi olacaq. Marko “Nuevo San-Mames” qayıdışını qol və ya asistlə taclandırar. “Qarabağ” burdan da xalla qayıtsa, o zaman durum əla olacaq.

Bu arada İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşri UEFA Çempionlar Liqasının III turunda Bilbao təmsilçisinə “Qarabağ”la oyun “Atletik” üçün həyati əhəmiyyət daşıyır” yazısını həsr edib.

Bildiirilir ki, “Atletik” milli komandaların oyunlarına görə yaranan fasilədən sonra həm La Liqada, həm də Avropada vacib oyunlara çıxacaq. “Qırmızı-ağlar” əvvəlcə səfərdə, La Liqada cari mövsümün sürpriz komandası sayılan “Elçe”nin qonağı olacaq, çərşənbə günü isə “ Nuevo San Mames”də Azərbaycan çempionu “Qarabağ”la görüşəcək.

Bilbaolular Avropa turnirinə uğursuz start veriblər – ilk iki oyundan sonra aktivlərində xal yoxdur. Bu səbəbdən “Qarabağ”la oyun komanda üçün həyati əhəmiyyət daşıyır. Uğursuz nəticə “Atletik”in “ilk 24-lük” şanslarını xeyli azaldacaq”. 

Azərbaycan çempionu isə hazırda Çempionlar Liqasında möhtəşəm çıxış edir. Qurban Qurbanovun komandası iki turdan sonra maksimum xal toplayıb. Səfərdə “Benfika”ya (3:2), evdə isə “Kopenhagen”ə (2:0) qalib gələn “Qarabağ” pley-off mərhələsinə yüksəlmək yolunda böyük addım atıb.

İspaniya çempionatında “Mayorka” üzərində qələbə “Atletik”də psixoloji durumu yaxşılaşdırsa da, Ernesto Valverde hələ də zədələr səbəbindən seçim baxımından məhdudiyyətlə üzləşir. Mütəxəssisin Sanset, İnyaki Uilyams, Berenguer və Vesqa kimi “şirlər”i  zədədən yeni qayıdıblar, Niko Uilyams və Paredes isə tam hazır deyil. Komandada fasilə dövründə yüklənmə tənzimlənsə də, bu futbolçuların ardıcıl iki matçda oynaması ehtimalı azdır.

Buna baxmayaraq, mütəxəssis İspaniya mətbuatına açıqlama verib ki, futbolçularıma tapşırıq vermişəm, “Qarabağ”a daha çox qol vursunlar. Hətta 9 qol vursunlar. Avropa səviyyəli peşəkar məşqçinin qeyri-peşəkar çıxışı təəccüb doğurur. Valverde kimi özündən razıları çox görmüşük. Və sonda peşman olanları da çox olub. 

Bir sözlə, nəticələri yaxşı olmayan Bilbaonu futbolçulu, ya da azarkeşli təkərə salmaq olar. Burdan alınacaq xal, “Qarabağ”ın özünə inamını birə-iki artıracaq. “Köhlən atlar” sonradan “Çelsi”, “Napoli”, “Ayaks”, “Ayntraxt” və “Liverpul”dan da xal ala bilərlər. 

Bu il “Qarabağ”ın ilidir. Komanda rəqiblərini dördnala çaparaq xallar alıb qrupdan çıxacaq.        

Oktyabrın 22-də Bilbao şəhərində keçiriləcək “Atletik” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Namiq HUN

tag: Qarabağ,Atletik Bilbao,UEFA,Oyun,Todaypress.tv,