“Benfika”da böhran: Mourinyo futbolçuları sərt tənqid etdi

İdman

07.04.2026 10:17

Joze Mourinyo rəhbərlik etdiyi “Benfika” klubunun Portuqaliya çempionatının XXVIII turunda “Kaza Piya” ilə 1:1 hesablı heç-heçəsindən sonra emosional mətbuat konfransı keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.

Mütəxəssis bildirib ki, bu nəticə yalnız iki xal itkisi deyil, həm də çempionluq uğrunda mübarizədə son ümidlərin itirilməsi deməkdir:

“Biz sadəcə iki xal yox, çempionluq şanslarımızı itirdik. Artıq ikinci yer uğrunda mübarizədə də özümüzdən asılı deyilik”.

Mourinyo ilk hissədə komandasının oyunundan narazı qaldığını, fasilədə taktiki dəyişikliklər etdiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi futbolçularda motivasiya və “qalibiyyət aclığı” çatışmır.

İkinci hissədə “Benfika” üstün oyun nümayiş etdirsə də, 1:0 hesabı ilə önə keçdikdən sonra diqqətsizlik baha başa gəlib. Rəqib demək olar ki, qapıya zərbə endirməsə də, hesabı bərabərləşdirə bilib.

Mourinyo hakim idarəçiliyindən də narazılığını gizlətməyib. O, əlavə vaxtın az verildiyini və rəqibin vaxt uzatmasına imkan yaradıldığını qeyd edib. Bununla belə, məşqçi nəticəyə görə əsas məsuliyyəti komandasının üzərinə götürüb.

Hazırda “Benfika” 28 turdan sonra 66 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. İkinci yerdə 68 xalla “Sporting”, lider isə 73 xalla “Porto”dur.

Namiq HUN

TodayPress TV

tag: Joze Mourinyo,Benfika,Kaza Piya,Tənqid,Todaypress.tv,