38 yaşlı Benzemanın karyerasında dönüş nöqtəsi: İki variant qalıb
Fransalı hücumçu Kərim Benzema “Əl-Hilal”ı tərk edəcək. 38 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanı klubu müqavilənin vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğvi barədə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Benzema bundan sonra karyerasını necə davam etdirəcəyinə qərar verməlidir. Fransalı futbolçunun qarşısında iki əsas variantın olduğu bildirilir: peşəkar karyerasını başa vurmaq və ya Səudiyyə Ərəbistanının başqa klubuna keçmək.
Romanonun məlumatına görə, Benzemanın Avropa futboluna qayıtması hazırda nəzərdən keçirilmir.
Kərim Benzema 2026-cı ilin fevralında “Əl-İttihad”dan ayrıldıqdan sonra “Əl-Hilal”a keçib. Hücumçu yeni klubunda 16 oyuna çıxıb, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Benzema Səudiyyə Ərəbistanına yollanmazdan əvvəl 14 il Madrid “Real”ında çıxış edib. Peşəkar karyerasına isə “Lion”da başlayıb.
Fransalı forvard karyerası ərzində 34 komanda titulu qazanıb. Onların arasında 5 Çempionlar Liqası kuboku və Klublararası Dünya Çempionatı da var.
Namiq HUN