"M10"da ŞOK İNSİDENT: "Bu milli təhlükəsizlik təhdididir!"

Hadisə

19.02.2026 11:21

""M10" insidenti artıq fintex problemi yox, milli təhlükəsizlik məsələsidir". 

TodayPress TV xəbər verir ki, bunu İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə mütəxəssis Osman Gündüz öz "Facebook" hesabında deyib. 


O, bildirib ki, "M10" ətrafında baş verənlər getdikcə daha ciddi miqyas alır: 

"Artıq məlumdur ki, söhbət milyonlarla, hətta bəzilərinin hesablamalarına görə milyardlarla manatlıq dövriyyədən gedir. Son günlərdə məlumat verildi ki, Mərkəzi Bankda fintex rəhbərləri ilə görüş keçirilib. Güman ki, baş verənlər orada da müzakirə edilib, lakin hələlik MB bu barədə açıqlama verməyib". 

Ekspert qeyd edib ki, bu nəhəng kiber insident ölkənin strateji fintex infrastrukturuna və milli təhlükəsizliyinə birbaşa təhdid yaradır: 

"Görünən odur ki, elektron pul və fintex sektoru hələ də inkişaf edir. "M10"nun, PashaPay-in kritik informasiya infrastrukturu siyahısına daxil olub-olmadığı isə məlum deyil, çünki bu sənəd hələ də qapalıdır. Lakin ortada böyük miqyaslı kiber insident olduğu aydındır. Bu, həm DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzinin, həm də DİN-in Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin perimetri daxilində çox ciddi təsirə səbəb ola bilər".

Osman Gündüz bir məqama da diqqət çəkib:

"Bank sektorunda fırıldaqlar, kiber hücumlar və bankların məlumat və İT mərkəzlərində xarici vətəndaşların iştirakı əlavə risklər yaradır. Maraqlıdır ki, M10-un "söykəndiyi" Kapital Bankda da bu sahəyə xarici şirkət cəlb edilib. Yeni qanunvericiliyə əsasən, Azərbaycan vətəndaşı tələb olunur, amma həmin kritik sistemlərə dair mövcud insan resursları vətəndaşlıqla uyğun deyil. Bu vəziyyət, absurd şəkildə, xarici vətəndaşların iştirakını mümkün edir. 

Ümid edirəm ki, məsələ ilə bağlı bütün müvafiq qurumlar ciddi şəkildə maraqlanır və baş verənlər obyektiv şəkildə araşdırılır".

Jalə Rövşən

TodayPress TV

tag: M10,Fintex,Təhlükə,Kiber,Todaypress.tv,