Polşadakı insidentlə bağlı xəbərdarlıq: "Bir nəfərin məsuliyyətsizliyi soydaşlarımızın imicinə kölgə salmamalıdır"
Polşa mediasında və sosial şəbəkələrdə Varşavada ictimai yerdə qeyri-əxlaqi hərəkət edən 36 yaşlı Azərbaycan vətəndaşının polis tərəfindən saxlanıldığı barədə məlumatlar və müvafiq görüntülər yayılıb. İnsident Polşada yaşayan soydaşlarımız arasında ciddi narahatlıq və təəssüf hissi doğurub.
TodayPress TV xəbər verir ki, məsələyə münasibət bildirən Polşa Azərbaycanlıları Şurasının (PAŞ) və Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərli şəxsi sosial media hesabında bəyanat yayaraq, xaricdə yaşayan həmyerlilərimizi məsuliyyətli olmağa və yerli qanunlara riayət etməyə çağırıb.
Fərid Cəfərli bəyanatında bir nəfərin əməlinə görə bütün xalqın mühakimə olunmasının yolverilməzliyini vurğulamaqla yanaşı, bu kimi halların cəmiyyətdəki ümumi rəyə mənfi təsir göstərdiyini qeyd edib:
"Bu görüntüləri böyük təəssüf hissi ilə qarşılayıram. Bir insanın etdiyi hərəkətə görə bütün Azərbaycan xalqını və Polşada yaşayan minlərlə normal, zəhmətkeş soydaşımızı mühakimə etmək əlbəttə ki, doğru deyil. Lakin reallıq budur ki, belə hadisələr cəmiyyətin gözündə hamımıza münasibətə təsir edir. Polşada illərdir halal zəhməti, mədəniyyəti, ailə dəyərləri və qanunlara hörməti ilə özünə hörmət qazanan çox böyük Azərbaycan icması var. Bir şəxsin məsuliyyətsiz davranışı həmin insanların illərlə qurduğu müsbət imicə kölgə sala bilər".
Gənclərin və uşaqların olduğu ictimai yerlərdə davranışlara xüsusi diqqət yetirilməsinin vacibliyini xatırladan diaspor rəhbəri, Polşadakı azərbaycanlılara müraciət edərək hər bir həmyerlimizin ölkəmizi təmsil etdiyini diqqətə çatdırıb:
"Burada yaşayan hər bir soydaşımızdan xahiş edirəm: Polşanın qanunlarına və cəmiyyətin qaydalarına hörmət edək. İctimai yerlərdə davranışımıza, xüsusilə uşaqların və gənclərin olduğu məkanlarda hərəkətlərimizə diqqət edək. Unutmayaq ki, biz burada təkcə özümüzü deyil, Azərbaycanı da təmsil edirik".
Bəyanatın sonunda Fərid Cəfərli qanunları pozan şəxsin fərdi məsuliyyət daşıdığını, lakin digər soydaşlarımızın bundan əziyyət çəkməməsi üçün həmrəylik göstərilməsinin vacibliyini bildirib:
"Səhv edən insan öz əməlinə görə məsuliyyət daşımalıdır. Amma bir nəfərin səhvinə görə bütün soydaşlarımızın əziyyət çəkməsinə, şübhə və mənfi münasibətlə qarşılaşmasına imkan verməməliyik. Polşada yaşayan azərbaycanlıların böyük əksəriyyəti qanunlara hörmət edən, çalışan, ailəsinə və ölkəsinə layiq şəkildə yaşayan insanlardır. Gəlin bunu qoruyub saxlayaq".
Türkan İsgəndərli