Rusiya hərəkətə keçir: Putin ABŞ-yə yeni təkliflər hazırlayıb
Rusiya Prezidenti Vladimir Putinin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü məzmunlu, konstruktiv və faydalı olub.
TodayPress TV xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, görüşlə bağlı digər detalları da açıqlayıb.
Uşakovun sözlərinə görə, Rusiya Avropanın təhlükəsizliyi ilə bağlı təkliflərin müzakirəsinə ABŞ ilə birlikdə dərhal başlamağa hazırdır. Moskvanın bu istiqamətdə yeni təklifləri də var.
Bildirilib ki, amerikalı nümayəndələr Putinin Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi təşəbbüsünü fəal şəkildə dəstəkləyiblər. Rusiya həmin aksiyanın keçirilməsi üçün ərazidə minatəmizləmə işlərinə dərhal başlamağa hazırdır.
Uşakov qeyd edib ki, humanitar aksiya şəhərin faktiki olaraq kimin nəzarətində olduğunu hər kəsə göstərməyə imkan verəcək.
O, hazırda əsirlərin ən genişmiqyaslı mübadiləsinin parametrlərinin razılaşdırıldığını da bildirib.
Rusiya rəsmisinin sözlərinə görə, görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin davranışı və onun ABŞ Prezidenti Donald Trampa ünvanladığı mesajlar da müzakirə olunub.
Uşakov əlavə edib ki, Putin və Tramp Ukrayna münaqişəsinin nizamlanmasını Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində planlaşdırılan ikitərəfli görüşdə müzakirə etməyə davam edəcəklər.
Kreml ümid edir ki, Uitkoff və Kuşner Putinlə görüş zamanı alınan mesajları Zelenskiyə çatdıracaqlar.
Kübra Musayeva