İran və Ermənistan sərhəddə “əl-ələ” verdi: Yeni dəhliz yaradılır - VİDEO
Ermənistan və İran arasında yük daşımalarının sürətləndirilməsi məqsədilə yeni razılaşmalar əldə olunub.
TodayPress TV xəbər verir ki, sentyabrın 12-də İranın Culfa şəhərində İran iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Fərud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyanın görüşündə iki ölkə arasında Nördüz–Meğri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl gömrük dəhlizi”nin yaradılması barədə razılıq əldə edilib.
Yeni mexanizmin yük maşınlarının sərhəddə gözləmə müddətini azaltması və gömrük rəsmiləşdirilməsi zamanı inzibati prosedurların sadələşdirilməsi nəzərdə tutulur.
Tərəflər həmçinin yüklər sərhədə çatmamış gömrük məlumatlarının elektron şəkildə mübadiləsini nəzərdə tutan “Pre-Arrival” sisteminin genişləndirilməsi barədə razılaşıblar. Sənədlərin yoxlanılması prosesində kağız daşıyıcıların elektron sənədlərlə əvəzlənməsi də planlaşdırılır.
Bundan başqa, Ermənistan və İran Nördüz–Meğri sərhəd-keçid məntəqəsinin birgə istifadəsinə dair razılaşmanın daha 10 il müddətinə uzadılması, gömrük məlumatlarının elektron mübadiləsinin təmin edilməsi və yük maşınlarında daşınan malların vahid kommersiya hesab-fakturası əsasında rəsmiləşdirilməsi barədə də razılığa gəliblər.
Kübra Musayeva