Uşaqlardan müəllimlərə qədər hər kəs... - Məktəblərdə yeni dövr başladı
Paraqvay Konqresi dövlət və özəl məktəblərdə mobil telefon və digər portativ elektron cihazlardan istifadəyə məhdudiyyət qoyan qanun qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə “ABC Color” məlumat yayıb.
Qaydalara yalnız şagirdlər deyil, müəllimlər və təhsil müəssisələrinin digər əməkdaşları da daxildir.
Qadağa məktəbəqədər təhsil müəssisələrində 3 yaşdan başlayan uşaqlara, eləcə də yuxarı sinif şagirdlərinə şamil olunur. Universitet tələbələri isə qanunun təsir dairəsinə daxil deyil. Cihazlardan nə dərs zamanı, nə də tənəffüsdə istifadə etməyə icazə verilir.
Fövqəladə hallar və fors-major vəziyyətlər istisna təşkil edir. Həmçinin sənədlə təsdiqlənmiş əlilliyi səbəbindən elektron cihazdan istifadəyə ehtiyacı olan şagirdlərə icazə verilir.
Məhdudiyyətlər müəllimlər, koordinatorlar, direktorlar və təhsil prosesində iştirak edən digər əməkdaşlara da aiddir. Dövlət müəssisələrinin əməkdaşları qaydaları pozduqları halda maaş saxlanılmadan vəzifədən kənarlaşdırıla, vəzifələri aşağı salına və ya işdən çıxarıla bilərlər.
Oxşar qaydalar artıq Braziliya, Çili və bəzi Avropa ölkələrində tətbiq edilir.
Aysel Mətləb