El-Ninyo fəlakəti okeanları vurdu: ABŞ ticarətinin 40 faizi təhlükədədir
Panama kanalı quraqlıq səbəbindən sentyabrdan keçən gəmilərin sayını azaldacaq.
TodayPress TV "AFP"ə istinadən xəbər verir ki, Panama kanalı El-Ninyo hava hadisəsinin səbəb olduğu yağıntı çatışmazlığına görə strateji su yolundan keçməsinə icazə verilən gəmilərin sayını sentyabrdan azaldacaq.
Panama Kanalı İdarəsinin məlumatına görə, sentyabrın 3-dən etibarən kanaldan sutkada buraxılan gəmilərin sayı hazırkı 36-dan 34-ə, sentyabrın 15-dən isə 32-yə endiriləcək.
Mərkəzi Amerika El-Ninyo ilə əlaqəli güclü quraqlıqla üzləşib. Bu iqlim hadisəsi Sakit okeanın ekvatorial zonasının mərkəzi və şərq hissələrində suyun səth temperaturunun yüksəlməsi ilə xarakterizə olunur və bütün dünyada küləklərin, atmosfer təzyiqinin və yağıntı rejiminin dəyişməsinə səbəb olur.
Panama kanalı dünya üzrə dəniz yükdaşımalarının təxminən 5 faizini və ABŞ-ın konteyner daşımalarının təxminən 40 faizini təmin edir.
Su yolu iki süni göldə toplanan yağış suları hesabına qidalanır. Lakin kanal hövzəsində yağıntıların həcmi proqnozlaşdırılan səviyyədən aşağı olub. Buna görə də hakimiyyət su ehtiyatlarını qorumaq və kanalın uzunmüddətli dayanıqlığını təmin etmək üçün əlavə tədbirlər görməyə məcbur olub.
Bundan əvvəl kanalın operatoru gəmilərin suya nə qədər batmasını göstərən maksimal suya oturma dərinliyini də məhdudlaşdırıb. Bu tədbir xüsusilə iri gəmilərə təsir edir.
El-Ninyo orta hesabla iki-yeddi ildən bir baş verir. Mütəxəssislərin qiymətləndirməsinə görə, hazırkı epizod müşahidələr tarixində ən güclülərdən birinə çevrilə bilər.
Quraqlıq fonunda regionun digər ölkələri də ciddi problemlərlə üzləşir. Çərşənbə günü Honduras hakimiyyəti ölkə ərazisinin təxminən 80 faizini əhatə edən quraqlıq səbəbindən yüksək hazırlıq rejimi elan edib.
Qiymət Mahir