Avropada mənzil kirayəsinə yeni məhdudiyyət gəlir
Avropa Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrinə mənzillərin qısamüddətli kirayəsinin kəskin artmasının nəticələri ilə mübarizə aparmağa kömək edəcək qanun layihəsi hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, layihə qəbul ediləcəyi təqdirdə şəhər və regionlara platformalar vasitəsilə mənzillərdən istifadəyə məhdudiyyətlər tətbiq etməyə imkan verəcək.
Bildirilib ki, hazırda qısamüddətli kirayə bazarı turizm operatorları ilə yerli hakimiyyət orqanları arasında uzunmüddətli hüquqi mübarizələrin predmetinə çevrilib.
Birgə Tədqiqat Mərkəzinin (JRC) məlumatına əsasən, Aİ-də qısamüddətli mənzil kirayəsi bütün yaşayış fondunun yalnız 1,2 faizini əhatə edir. Lakin məşhur turizm məkanlarında vəziyyət fərqlidir. Belə ki, İtaliyanın Sorrento şəhərində və ya Xorvatiyanın Dubrovnik şəhərində bu göstərici 20 faizə çatır.
Turizm bölgələrinin administrasiyaları bildirirlər ki, turistlər yerli əhalini sıxışdırır və mənzil qiymətlərinin kəskin artmasına səbəb olurlar.
Aysel Mətləb