ABŞ BMT-də səs hüququnu itirə bilər? – Administrasiya hərəkətə keçdi
Vaşinqton BMT büdcəsinə 725 milyon dollar məbləğində ödəniş etməyə hazırlaşır ki, bu da ABŞ-nin təşkilat qarşısında olan borcunu azaldacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamenti Konqresə Amerika lideri Donald Tramp administrasiyasının BMT-yə 725 milyon dollar köçürülməsi prosesinə başladığını bildirib.
Nəşrdə qeyd olunur ki, bu məbləğ BMT-nin may ayında ABŞ-nin təşkilata 4 milyard dollardan çox borcu olduğunu açıqladığı məbləğin 20 faizindən azdır. ABŞ tərəfi isə ölkənin borcunun əhəmiyyətli dərəcədə daha az olduğunu bildirir.
Materialda ekspertlərin fikirlərinə yer verilir və bildirilir ki, borcun ödənilməsinin daha da gecikdirilməsi ABŞ-nin təşkilatda səsvermə imkanlarının məhdudlaşdırılmasına səbəb ola bilər.
BMT-nin ən böyük donoru olan ABŞ-nin təşkilatın müntəzəm büdcəsinə ödənişləri dayandırması, eləcə də BMT qurumlarının könüllü maliyyələşdirilməsini azaltması nəticəsində təşkilat likvidlik böhranı ilə üzləşib.
Aysel Mətləb