Yel çərşənbəsinin inancları: Ağac altına niyət edənlər, Yel babanı çağıranlar...

Cəmiyyət

10.03.2026 16:08

Ölkəmizdə üçüncü çərşənbə - Yel çərşənbəsi qeyd olunur. Xalq arasında bu çərşənbə təbiətin oyanışını, baharın ilıq nəfəsini gətirməsini simvolizə edir. 

Bu gün barəsində TodayPress TV-yə məlumat verən AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil bildirib ki, su və od yaradıldıqdan sonra yel yaradılıb. 


Onun sözlərinə görə, suyun, odun və havanın hər birinin bir yaradılış başlanğıcı olaraq qəbul edilməsi onlara müqəddəslik məzmunu qazandırıb:

"Qədim görüşlərə görə bahar bayramındakı böyük dirilişə qədər dörd əsas ünsür yaradılıb. Havanın həyat üçün zəruri bir ünsür olduğu məlumdur. İlin bu çağında, ilaxır çərşənbələrin üçüncüsündə havanın yaranması qeyd olunur. Dünya, təbiət və insan bu dörd ünsürdən sonra əmələ gəlib. Yel çərşənbəsi ilaxır çərşənbənin üçüncüsüdür. O, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınıb. Çərşənbələrin bölgələrimizdə müxtəlif adları olduğunu bilirik. Şuşada üçüncü tək deyilir, Qazax-Ağstafa bölgəsində “Küllü çərşənbə” deyilir. Oddan sonra küləyin yaranması ocağın külünü sovurub".

Folklorşünas vurğulayıb ki, xalq düşüncəsində müəyyən təbiət hadisələri öz izahını mərasimlərdə tapıb:

"Yel çərşənbəsində də bir sıra fallar, sınamalar icra edilib. Bu gün “qapıpusma adəti”, “üzük falı” kimi adətləri etmək olar. Bu çərşənbədə tonqal qalanmaz. Təbiət bu çərşənbə günlərində küləkli olur və yuxuya gedən təbiəti silkələyib oyadır".


O Yellə bağlı atalar sözləri, tapmacalar və inanclardan da danışıb:

“Yellə bağlı atalar sözləri - "Yelə tüpürsən öz üstünə qayıdar"; "Yel qayadan nə aparar?"; "Yelnən gələn selnən gedər"; "Yel əsib qoz tökülüb".

Yellə bağlı tapmaca - Hər yan ələk – vələkdir, isti tamam kələkdir, dəyirmana can verər, dırmana da gərəkdir (yel).

Bu çərşənbədə də inanclar mövcuddur. Məsələn, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqları ağaca toxunsa, diləyin yerinə yetər".

İnstitutun şöbə müdiri qeyd edib ki, Yel çərşənbəsi ilaxır çərşənbələrdən biri kimi qeyd olunur. Xalqımız ilaxır çərşənbələri baharın, yazın müjdəçiləri bilib, təbiətin dirilməsi, canlanması hadisəsi kimi bayram edib. Bu çərşənbədə dünyaya yeni bir nəfəs gəlib, insanlar bahar sevinci ilə nikbinlik ehtiyatlarını artırıb, xoş ovqatla, xeyirxah duyğularla zənginləşiblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ağaverdi Xəlil,Şöbə müdiri,Yel çərşənbəsi,İnanclar,Todaypress.tv,