Südünə zəhər qatanlar - Bu məhsulları almayın, təhlükəli qidalar

Cəmiyyət

13.04.2026 17:30

Saxta süd məhsulları sağlamlıq üçün real təhlükə yaradır və son yoxlamalar bu risklərin hələ də aktual olduğunu göstərir.

Belə ki,  Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən “Adilbərəkət” MMC-yə məxsus süd və süd məhsullarının emalı müəssisəsində aparılan plandankənar yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.

Bundan əlavə, Bakıda istehsal olunan şor məhsulunun üzərində “İsmayıllı şor” yazılması istehlakçıların aldadılması kimi qiymətləndirilib. Nəticədə obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb, inzibati protokol tərtib olunub və məhsul nümunələri laborator analizə göndərilib.

İstehsalat şirkətləri satışı düşünsə də, insan sağlamlığını diqqətə almırlar. Tərkibin saxtalaşdırılması məhsulun qida dəyərini aşağı salır. Təbii südün tərkibində olan "A", "D", "E" və "K" vitaminləri, həmçinin faydalı yağ turşuları orqanizm üçün vacibdir. Quru süd və bitki yağları (məsələn, palma yağı) isə bu faydaları tam təmin etmir. Uzunmüddətli istifadədə bu cür məhsullar piylənmə, ürək-damar xəstəlikləri, allergiya və həzm problemləri riskini artıra bilər.

İkinci əsas risk antisanitar şəraitlə bağlıdır. Süd məhsulları mikrobioloji baxımdan ən həssas qida kateqoriyalarından biridir. Uyğunsuz şəraitdə "Salmonella", "E.coli" və "Listeria" kimi təhlükəli bakteriyalar sürətlə çoxala bilər. Bu isə qida zəhərlənməsinə, ishal, qusma, qarın ağrısı və yüksək hərarətə səbəb olur. Ağır hallarda xəstəxanaya yerləşdirmə, nadir hallarda isə ölüm riski belə mümkündür.

Statistik göstəricilər də vəziyyətin ciddiliyini təsdiqləyir. Rəsmi məlumatlara görə, Azərbaycanda hər il yüzlərlə insan qida zəhərlənməsindən əziyyət çəkir. Məsələn, 2024-cü ildə 422 nəfər qida zəhərlənməsi ilə qeydiyyata alınıb, onlardan 154-ü laboratoriya yolu ilə təsdiqlənib. 2025-ci ildə ümumilikdə 401 zərərçəkən qeydə alınsa da ölüm faktı olmayıb. Yay aylarında bu göstərici 20-25% artır, çünki isti hava süd məhsullarının daha tez xarab olmasına səbəb olur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Saxta,süd məhsulları,Təhlükə,Qida,Todaypress.tv,