Soyumuz quruyur - Doğum sayı kritik səviyyədə azaldı
Cəmiyyət
14.04.2026 15:02
Azərbaycanda son illərdə uşaqların sayı azalır və doğum səviyyəsi aşağı düşür. Eyni zamanda bir çox gənc oxumaq, işləmək və daha yaxşı həyat şəraiti tapmaq üçün ölkəni tərk edir.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan sosioloq Elçin Bayramlı bildirib ki, istedadlı və bacarıqlı gənclərin ölkədən getməsi arzuolunan hal deyil.

Onun sözlərinə görə, əsas məqsəd gənclərin öz potensiallarını ölkə daxilində reallaşdıra bilməsi üçün şəraitin yaradılmasıdır:
"Ümumiyyətlə istedadlı, bacarıqlı gənclərin ölkədən getməsi bizim üçün məqbul deyil. Düzdür, dünyanın bütün ölkələrində belə hallar var. Gənclər bir çox hallarda öz istedadlarını reallaşdırmaq üçün daha üstün ölkələrə gedirlər, daha böyük, inkişaf eləmiş ölkələrə üz tuturlar ki, orada bizdə olmayan imkanlar da var. Amma biz də heç olmasa elə bir proqram həyata keçirməliyik ki, istedadlı gənclər, bacarıqlı gənclər, müasir texnologiyalara yiyələnmiş, savadlı, elmə vaqif olan gənclər öz istedadlarını, bacarıqlarını ölkədə reallaşdıra bilsinlər ki, ehtiyac olmasın harasa getməyə. Əlbəttə ki, təhsil almaq üçün getmək olar, bəzi sahələrdə bizdən daha üstün təhsil olan ölkələr var, onlarda gedib o sahəyə yiyələnmək olar, amma qayıdıb ölkədə onu reallaşdıra bilər".
Ekspert əlavə edib ki, gənclərlə bağlı bir sıra proqramlar həyata keçirilə bilər:
"Startap layihələrini, innovativ ideyaları, layihələri təqdim eləyə bilərlər, nəzərdən keçirilər və dövlət səviyyəsində hansı perspektivlidirsə, onlara maliyyə ayrıla bilər, dəstək verilə bilər, istehsalata tətbiq oluna bilər. Bu formalarda dəstək ola bilər. Sonra özünüməşğulluq proqramı var, Azərbaycanda həyata keçirilir, son dərəcə gözəl proqramdır, mükəmməl proqramdır. Yəni əhalinin, vətəndaşların, insanların özlərinə fərdi iş qurması üçün, özünə biznes qurması üçün çox gözəl bir proqramdır. Dövlət müvafiq avadanlıqlarla, vəsaitlərlə təmin eləyir və insanlar bunun əsasında öz ideyalarını müxtəlif sahələrdə reallaşdırırlar, kiçik biznes qururlar. Həm özlərini, ailələrini, yaxınlarını işlə təmin edə bilirlər. Bu proqramın əhatə dairəsini artırmaq və gənclərə xüsusi üstünlük verməklə onların layihələrinin həyata keçirilməsinə dəstək vermək olar".
Sosioloqun fikrincə, böyük bir dövlət proqramı hazırlanıb bütün sahələri əhatə edərsə, biz savadlı və bacarıqlı gənclərimizi ölkədə saxlaya bilərik:
"Bu həm iqtisadiyyatın inkişafına, həm də sosial vəziyyətin yaxşılaşmasına gətirib çıxarar. Nəticədə məşğulluq artar, insanlar daha rahat evlənər və daha çox uşaq sahibi ola bilər. Beləliklə demoqrafik balans qorunar. Bizim bunun üçün yaxşı maliyyə imkanlarımız və strateji rezervlərimiz var. Sadəcə vahid konsepsiya və sistemli dövlət proqramı lazımdır. Bu həyata keçirilsə, gənclərin xaricə axını da xeyli azalar. Mən bu məsələdə Çin təcrübəsini daha üstün hesab edirəm. Orada istedadlı gənclərə uşaqlıqdan dəstək verilir, layihələr qəbul olunur, patentlər alınır və sənayedə tətbiq edilir. Bu model Azərbaycanda da tətbiq oluna bilər. Hətta xarici korporasiyalarla əməkdaşlıq da mümkündür. Ümumilikdə belə bir sistemli yanaşma ölkənin iqtisadi və elmi inkişafını sürətləndirə bilər".
Elçin Bayramlı qeyd edib ki, vahid dövlət proqramı və innovativ yanaşmaların tətbiqi nəticəsində həm gənclərin ölkədə qalması təmin oluna, həm də Azərbaycanın demoqrafik və iqtisadi inkişafı daha dayanıqlı ola bilər.
Türkan İsgəndərli
tag: Elçin Bayramlı,Sosioloq,Doğum sayı,Azalma,Todaypress.tv,
