Sovetdənqalma tarix silinir - Yeni konsepsiya yazılır

Cəmiyyət

23.04.2026 12:56

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov bildirib ki, Azərbaycan tarixinin yeni konsepsiyasına ehtiyac var.

Onun sözlərinə görə, bu konsepsiyada Azərbaycan adının yaranması və etimologiyası, Azərbaycan xalqının hansı tarixi inkişaf mərhələlərindən keçməsi, Azərbaycan tarixinin necə dövrləşdirilməli olması və bir sıra bu səpkidə məsələlər yer almalı, onlara aydınlıq gətirilməlidir.

Mövzu ilə bağlı tarixçi Pərviz Ağalarov TodayPress TV-yə danışarkən deyib ki, mövcud konsepsiya artıq müasir tələblərə cavab vermir və köklü şəkildə yenilənməlidir.


Onun sözlərinə görə, Azərbaycan tarixinin konsepsiyası sonuncu dəfə 1945-ci ildə hazırlanıb və sovet ideologiyasına uyğun yazılıb:

"Bu konsepsiya köklü şəkildə dəyişdirilməlidir. Kərim müəllim bu məsələdə, şübhəsiz ki, haqlıdır. Yeni konsepsiya ölkənin tarixini bütün dövrlər üzrə daha sistemli və dolğun şəkildə təqdim etməlidir. Bu, tariximizin həm qədim dövrü, həm orta əsrlər dövrü, həm də yeni dövrü ilə bağlı daha dolğun və sistemli mənzərə yaratmalıdır. Üstəlik, dövrləşmə də yenilənməlidir. Təəssüf ki, sovet dövründən qalan dövrləşmə hələ də qüvvədədir".

Tarixçi hesab edir ki, yalnız dövrləşmə deyil, tarixə yanaşma prinsipləri də yenidən nəzərdən keçirilməlidir:

"Dövrləşmə ilə yanaşı, tariximizin ayrı-ayrı mərhələlərinə yeni baxış da konsepsiyada öz əksini tapmalıdır. Yəni konsepsiya köklü şəkildə yenidən işlənməlidir. Yeni yanaşmada Azərbaycanmərkəzli elmi tədqiqatlar əsas prioritet olmalıdır. Bundan əlavə, bu konsepsiyada Azərbaycanmərkəzli elmi araşdırmalar üstünlük təşkil etməlidir. Bu nə deməkdir? Yəni Azərbaycan, onun dövlətçilik ənənələri, hakimiyyət mərkəzləri, sülalələr və dövlətlərin tarixi əsas diqqət mərkəzində olmalıdır".

Onun fikrincə, müxtəlif yanaşmaların olması təbiidir və bu sahədə irəli sürülən təkliflər geniş müzakirə olunmalıdır:

"Müxtəlif yanaşmalar mümkündür və Kərim müəllimin də bu sahədə öz təklifləri var. Güman etmək olar ki, elmi ictimaiyyət bu təklifləri müzakirə edəcək və zamanla onları qəbul edəcək".

Qeyd edək ki, Azərbaycan tarixinin yeni konsepsiyasının hazırlanması məsələsi son dövrlərdə tarixçilər arasında aktual müzakirə mövzularından birinə çevrilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Pərviz Ağalarov,tarixçi,Tarix,Konsepsiya,Todaypress.tv,