SON DƏQİQƏ! "Qara yağış" barədə CİDDİ XƏBƏRDARLIQ edildi
Cəmiyyət
11.03.2026 17:16
İranda, xüsusilə Tehran və ətraf ərazilərdə yerləşən neft obyektlərinə endirilən zərbələr nəticəsində "qara yağış" təhlükəsi yarana bilər.
Bəs bunun təbiətə və insanlara hansı zərərləri olacaq?
Ekoloq Sadiq Həsənov mövzu ilə bağlı TodayPress TV-yə danışıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində neft məntəqələri, neft emalı zavodları və digər obyektlər zədələndikdə neft məhsulları ətrafa yayılır və bu zaman güclü yanğınlar baş verə bilər:
“Bu proses zamanı havaya qalxan qara tüstü və müxtəlif kimyəvi maddələr sonradan yağışla birlikdə yerə düşərək “qara yağış” effekti yarada bilər. Neft əsasən karbon və hidrogendən ibarət olsa da, onun tərkibində həm yüngül, həm də ağır karbohidrogenlər mövcuddur. Neft emalının son məhsullarından biri olan mazut isə ağır karbohidrogenlərə aiddir. Bu maddələrin tərkibində müxtəlif metal elementləri və insan sağlamlığı üçün zərərli birləşmələr də olur”.
Ekoloq əlavə edib ki, belə yanğınlar zamanı ətraf mühitə çoxlu miqdarda yanmamış və çox kiçik ölçülü hissəciklər yayılır. Bu hissəciklər PM2.5 və PM10 kimi mikroskopik ölçülərlə xarakterizə olunur və nəfəsalma zamanı insan orqanizminə daxil ola bilər:
“Həmin maddələr eyni zamanda dəriyə təsir göstərə və su mənbələrini çirkləndirə bilər ki, bu da müxtəlif xəstəliklərin yaranma riskini artırır. Bu cür tullantıların tərkibində qara karbon hissəcikləri, kükürd oksidləri, kükürd dioksidi və azot oksidləri kimi zərərli maddələr də olur. Azot oksidləri yanma zamanı havadakı azotun oksigenlə birləşməsi nəticəsində əmələ gəlir və bu maddələrin hamısı insan sağlamlığı üçün təhlükəlidir”.
Ekspert vurğulayıb ki, zərbələrin miqyası böyük olduqda bu maddələr atmosferə yayılır və sonradan yağış şəklində yerə düşə bilər. Belə yağışın turşuluq səviyyəsi təxminən pH 4 civarında olur ki, bu da artıq turşu yağışı hesab edilir. Bu cür yağış insan dərisi ilə təmasda olduqda qıcıqlanma və yanıq yarada, nəfəs yolu ilə orqanizmə daxil olduqda isə zəhərlənmələrə səbəb ola bilər.
“Neft obyektlərinin vurulması yalnız ətraf mühit üçün deyil, həm də Tehran və ətraf şəhərlər üçün ciddi təhlükə yaradır. Küləyin istiqaməti dəyişərsə, atmosferə buraxılan karbohidrogen və digər zərərli tullantılar region ölkələrinə, o cümlədən Azərbaycana və Türkiyəyə də mənfi təsir göstərə bilər”, - deyə Sadiq Həsənov qeyd edib.
Türkan İsgəndərli
tag: Sadiq Həsənov,Ekoloq,İran,Qara yağış,Todaypress.tv,
