Neftin qiyməti bu halda düşəcək – Mühüm AÇIQLAMA

Cəmiyyət

10.03.2026 16:35

“Dünya bazarında Bakı neftinin qiymətinin qalxması Yaxın Şərqdə artan gərginlik fonunda baş verir. Neft qiymətlərinin gələcək dinamikası əsasən Hörmüz boğazındakı vəziyyətdən asılı olacaq”.

İqtisadçı Xalid Kərimli bunu TodayPress TV-yə açıqlamasında deyib. 


Onun sözlərinə görə, əgər Hörmüz boğazında vəziyyət stabilləşərsə, neftin qiymətində kəskin eniş müşahidə oluna bilər. Əksinə, bölgədə gərginlik artarsa və boğazdan keçid məhdudlaşarsa, qiymətlər yenidən yüksələ bilər:

"Əgər Hörmüz boğazında vəziyyət sabitləşərsə, neftin qiyməti kəskin şəkildə düşə bilər. Vəziyyət pisləşərsə və boğazdan keçid məhdudlaşarsa, qiymətlər yenidən bahalaşacaq. Yəni hər şey Hörmüz boğazının nə qədər tez açılacağından asılıdır".

Ekspert əlavə edib ki, neft bazarı siyasi bəyanatlara da olduqca həssas reaksiya verir. Xüsusilə ABŞ-dən gələn açıqlamalar qiymətlərin dəyişməsinə təsir göstərir.

"Hazırda qiymət artımının əsas səbəbi İran ətrafında yaranan hərbi gərginlik və İranın Hörmüz boğazını hədəfə alma ehtimalıdır. Bu risklər aradan qalxarsa və ya bölgədə sülh əldə olunarsa, neftin qiymətində kəskin ucuzlaşma baş verə bilər".

İqtisadçı həmçinin qeyd edib ki, Azərbaycanın dünya bazarına çıxardığı “Azeri Light” markalı neft daha keyfiyyətli hesab olunur və adətən “Brent” markalı neftdən təxminən 1 dollar baha satılır.


"Adətən "Azeri Light" nefti "Brent"dən təxminən 1 dollar baha olur. Məsələn, "Brent" neftinin qiyməti 100 dollar olanda "Azeri Light" təxminən 101 dollara satılır", – deyə Xalid Kərimli fikrini tamamlayıb.

Qeyd edək ki, hazırda neftin bir bareli təxminən 93 dollara təklif edilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xalid Kərimli,İqtisadçı,Neft, Barel, Birja, Sənaye, Dollar, todaypress.tv,