Müşfiqin Xatirə Muzeyini SEL DAĞITDI — Ailəsi müraciət etdi!
Cəmiyyət
14.04.2026 12:54
Xızı rayonunda yerləşən Mikayıl Müşfiqin Xatirə Muzeyi sel fəsadları səbəbindən ciddi zərər görüb, bərpa işləri isə hələ də aparılmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mikayıl Müşfiqin qohumu Reyhan İsmayılzadə Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində bildirib.
Müraciətdə qeyd olunur ki, muzey son illər Tıx çayında baş verən sel daşqınları nəticəsində ciddi ziyan görüb. Son sel hadisəsi isə vəziyyəti daha da ağırlaşdıraraq bina və ətraf əraziyə ciddi fəsadlar vurub.
Reyhan İsmayılzadə vurğulayıb ki, Prezident İlham Əliyev hər zaman görkəmli şair Mikayıl Müşfiqin irsinə yüksək diqqət göstərib və bu istiqamətdə görülən işlər ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Məhz bu diqqətə güvənərək mövcud problemin həllinə ümid edildiyi bildirilib.
Eyni zamanda qeyd olunub ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə edilən müraciətlərə baxmayaraq, muzeydə yenidənqurma işlərinin aparılması istiqamətində indiyədək konkret addım atılmayıb.
Müraciətdə Prezidentdən selin vurduğu ziyanın aradan qaldırılması, muzeyin bərpası və təcili şəkildə yenidən qurulması üçün müvafiq göstərişlərin verilməsi xahiş olunur.
Sonda vurğulanır ki, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlar bu məsələnin də müsbət həllinə səbəb olacaq.
Qiymət Mahir
tag: Xızı ,Mikayıl Müşfiq,Xatirə Muzeyi,İlham Əliyev ,TodayPress TV,
