Kür çayı "coşdu": Kəndləri nə gözləyir?
Cəmiyyət
20.04.2026 13:59
Kür çayında su səviyyəsinin artmasına sevinənlər qədər narahat olanlar da var. Bildirilir ki, suyun səviyyəsi təkcə yüksəlmir, eyni zamanda bu artım fasiləsiz davam edir. Artıq bəzi ərazilərdə, xüsusilə Azərbaycanın nadir ekosistemlərindən biri olan Tuqay meşələri ərazilərinin su altında qaldığı iddia olunur.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan ekoloq Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, aprel və may ayları Kür çayı üçün ənənəvi gursululuq dövrüdür:
"Son günlərdə Gürcüstan ərazisində müşahidə olunan intensiv yağışlar çayda sululuğun və su səviyyəsinin qısa müddətdə kəskin artmasına səbəb olub. Çayda suyun səviyyəsi yüksəldikcə, ətraf ərazilərdə qrunt sularının da səviyyəsinin artması təbiidir. Əslində, Tuqay meşələri elə bir ekosistemdir ki, onun dövri olaraq subasar sahəyə çevrilməsi ağac toxumlarının yayılması, torpağın rütubətlənməsi və lillə zənginləşməsi üçün zəruri proses hesab olunur".
Ekoloq vurğulayıb ki, hazırkı proqnozlar həm meteoroloji şəraitdən, həm də su anbarlarının (xüsusilə Mingəçevir su anbarı) idarə olunmasından birbaşa asılıdır:
"2026-cı ilin aprel ayı üçün mövcud vəziyyətə əsasən, mövsümi yağıntılar və dağlardakı qarların əriməsi nəticəsində çayda sululuğun normaya yaxın və ya bir qədər yuxarı olacağı, suyun səviyyəsinin artımı müəyyən həddə stabil templə davam edəcəyi ehtimal edilir".
Cavid Hüseynov sonda qeyd edib ki, suyun səviyyəsi nəzarət altında tənzimləndiyi üçün yaxın günlərdə yaşayış məntəqələri üçün ciddi bir fəlakətli daşqın təhlükəsi gözlənilmir.
Türkan İsgəndərli
tag: Cavid Hüseynov,Ekoloq,Kür,Çay,Kəndlər,Todaypress.tv,
