İnsan alverinin qurbanı olmaq istəməyənlərin NƏZƏRİNƏ! Şəbəkə ifşa edildi

Cəmiyyət

24.04.2026 16:11

Sosial şəbəkələrdə xaricdə surroqat analıq xidmətləri ilə bağlı reklamlara rast gəlinir. Belə reklamlar bir tərəfdən reproduktiv tibbi xidmət kimi təqdim olunsa da, digər tərəfdən iqtisadi çətinlik yaşayan qadınların həssas vəziyyətindən sui-istifadə riski, həmçinin insan alveri və istismar ehtimalları ilə bağlı ciddi narahatlıqlar yaradır. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, belə elanlar ilk növbədə dəqiqləşdirilməlidir. 


Onun sözlərinə görə, surroqat analığa razılıq verən şəxslər mütləq məlumatlandırılmalıdır:

"Belə hallarda insan alverçilərinin mövcud boşluqlardan istifadə etmə ehtimalı olduqca yüksəkdir. Bu baxımdan elanların kimlər tərəfindən verilməsi, hansı məqsəd daşıması, hansı hədəf qrupundan olan qadınları cəlb etməsi və s. məsələlər çox ciddi şəkildə diqqət mərkəzində saxlanılmalıdır".

Sədr vurğulayıb ki, insan alverinin formalarından biri də qanunsuz surroqat analıqdır. Bu baxımdan qaldırdığınız məsələ olduqca aktualdır.

"Ola bilər ki, kimlərsə şəxsin asılılıq vəziyyətindən sui-istifadə edərək onu şantaj, zor və məcburiyyət qarşısında surroqat analıqla bağlı fəaliyyətə cəlb etsin".

Qeyd edək ki, surroqat analıq, bir qadının (surroqat ana) başqa bir şəxs və ya cütlük (genetik valideynlər) üçün embrionu öz bətnində daşıyıb dünyaya gətirməsinə əsaslanan köməkçi reproduktiv texnologiyadır.

Azərbaycanda surroqat analığa icazə verilməsi ilə bağlı məsələ uzun müddət həm Milli Məclisin, həm də ictimaiyyətin müzakirə mövzusu olub. Lakin bu istiqamətdə qanunvericilik təşəbbüsü qəbul edilməyib.

Mövzunun qalmaqallı xarakter daşıması səbəbindən məsələ parlamentdə geniş müzakirə olunsa da, sonradan gündəmdən çıxarılıb və qanun layihəsi kimi təsdiqlənməyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Mehriban Zeynalova,Sədr,Surroqat ana,Xidmət,Təklif,Todaypress.tv,