İki şahmatçımız bir-birinə güzəşt etmədi - Tarixi fürsəti ukraynalı idmançı qapdı

Cəmiyyət

22.04.2026 16:30

"Polşada keçirilən şahmat üzrə fərdi Avropa çempionatının nəticələrində maraqlı və mübahisəli məqamlar var".

TodayPress TV xəbər verir ki, bunu idman eksperti Anar Şabanoğlu deyib.


Onun sözlərinə görə, Katovitse şəhərində baş tutan turnirin son turu Azərbaycan şahmatı üçün tarixi imkan yaratsa da, bu fürsət reallaşmayıb:

"Son turda Aydın Süleymanlı ilə Məhəmməd Muradlı üz-üzə gəlirdi. Əgər Muradlı məğlub olsaydı, Süleymanlı digər nəticələrdən asılı olmayaraq Avropa çempionu olacaqdı. Bu isə Azərbaycan şahmatı tarixində ilk belə uğur kimi yadda qalacaqdı".

Ekspert hesab edir ki, yaranmış situasiya milli maraqlar baxımından fərqli yanaşma tələb edirdi:

"Dünyanın istənilən ölkəsində belə bir vəziyyət yaransa, idmançılar ilk növbədə öz ölkələrinin maraqlarını düşünərdilər. Amma bizim şahmatçılar heç-heçə edərək qəribə ‘feyr-pley’ nümunəsi göstərdilər".

Anar Şabanoğlu yekunda qeyd edib ki, bu nəticə Azərbaycan üçün tarixi şansın əldən verilməsi ilə nəticələnib:

"Nəticədə çempionluğu 9 xalla ukraynalı Roman Deqtyaryov qazandı. Bizim şahmatçılar – Nicat Abbasov, Süleymanlı və Muradlı isə 8.5 xalla 2-4-cü yerləri tutdular. Ən acınacaqlısı isə odur ki, Aydın Süleymanlının çempionluq şansını əlindən alan Muradlı sonda medalsız qaldı".

Onun fikrincə, bu hadisə Azərbaycan idmanında yanaşma məsələlərinin yenidən müzakirə olunmasına səbəb ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Anar Şabanoğlu,idman eksperti,Şahmat,Çempionat,Todaypress.tv,