Gənclər niyə bölgələri tərk edib Bakıya üz tutur?
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və daxili miqrasiya uzun illərdir müzakirə olunan əsas məsələlərdən biridir. Xüsusilə paytaxt Bakı ilə bölgələr arasında infrastruktur və məşğulluq sahəsində mövcud fərqlər gənclərin yaşayış yeri seçimində mühüm rol oynayır.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli mövzu ilə bağlı TodayPress TV-yə bildirib ki, Bakı ilə regionlar arasında infrastruktur və məşğulluq baxımından hələ də fərqlər qalır mövcuddur.

Onun sözlərinə görə, paytaxtın üstün imkanları əhalinin, xüsusilə də gənclərin Bakıya üz tutmasını şərtləndirən əsas amillərdəndir:
"Bakı ilə bölgələr arasında infrastruktur və məşğulluq baxımından müəyyən fərqlər mövcuddur. Paytaxtda nəqliyyat, səhiyyə, təhsil, internet, kommunal xidmətlər və digər ictimai infrastruktur daha inkişaf etmişdir. Eyni zamanda, iş imkanları daha çox olduğu üçün əhalinin böyük hissəsi məşğulluq məqsədilə Bakıya üz tutur. Bölgələrdə isə bəzi sahələrdə inkişaf olsa da, yüksək maaşlı iş yerlərinin və müxtəlif peşə imkanlarının məhdud olması gənclərin paytaxta köç etməsinə səbəb olur".
İqtisadçı hesab edir ki, regionlarda gənclərin fəallığının artırılması üçün onların təhsil və peşə hazırlığı imkanlarının genişləndirilməsi, həmçinin innovativ təşəbbüslərin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır.
"Regionlarda gənclərin fəallığını artırmaq üçün onların təhsil, peşə hazırlığı, sahibkarlıq və innovasiya imkanlarına çıxışı genişləndirilməlidir. Gənclər üçün təlim proqramlarının, startap layihələrinin, idman və mədəniyyət mərkəzlərinin, könüllülük proqramlarının və yerli təşəbbüslərin dəstəklənməsi onların ictimai və iqtisadi həyatda daha fəal iştirakına şərait yaradar. Eyni zamanda, rəqəmsal bacarıqların inkişafı və distant iş imkanlarının artırılması da gənclər üçün yeni perspektivlər açar".
Ekspert vurğulayıb ki, daxili miqrasiyanın qarşısını inzibati üsullarla deyil, regionların iqtisadi cəlbediciliyini artırmaqla almaq mümkündür:
"Daxili miqrasiya axınının qarşısını almaq üçün bölgələrdə iqtisadi inkişaf sürətləndirilməli, yeni istehsal və xidmət müəssisələri yaradılmalı, kiçik və orta sahibkarlıq dəstəklənməlidir. Müasir infrastrukturun qurulması, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, sosial və mədəni mühitin yaxşılaşdırılması insanların yaşadıqları bölgədə qalmasına stimul verər. Dövlət, özəl sektor və yerli icmaların koordinasiyalı fəaliyyəti regionların inkişafında həlledici rol oynayacaq. Nəticədə regionların inkişafı sürətlənə, məşğulluq imkanları arta və paytaxta miqrasiya meyli əhəmiyyətli dərəcədə azala bilər", - deyə Akif Nəsirli fikrini tamamlayıb.
Türkan İsgəndərli