Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazandı - FOTO
Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb.
Azərbaycan Badminton Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, “BWF AirBadminton European Continental Championships 2026” turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət yığmamız qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
C qrupunda mübarizə aparan millimiz ümumi hesabda İsveçrəni və Xorvatiyanı isə 3:0 hesabı ilə məğlub edib. Almaniya yığmasına isə 1:3 hesabı ilə uduzan badmintonçularımız qrup mərhələsini ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıblar.
1/4 finalda meydan sahibi Yunanıstan yığması ilə qarşılaşan komandamız rəqibini 3:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və bununla da Avropa çempionatının bürünc medalını təmin edib.
Finala vəsiqə uğrunda Türkiyə millisi ilə üz-üzə gələn badmintonçularımız ümumi hesabda 1:3 uduzaraq qitə birinciliyini üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, bu, Azərbaycanın AirBadminton üzrə Avropa çempionatlarında növbəti uğurudur. 2025-ci ilin sentyabrında Bakıda təşkil olunan ilk Avropa çempionatında Azərbaycan millisi qarışıq komanda yarışında finala yüksələrək gümüş medal qazanmışdı.
Namiq HUN