Direktor: “Balıq ehtiyatlarının artırılması davam edir”

Cəmiyyət

19.12.2025 11:20

“2025-ci il ərzində ümumi su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə dövlət və özəl tərəfdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilib, təbii mühitə müxtəlif növ balıqlar buraxılıb”.

TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, il ərzində təbii mühitə 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb:

“2026–2028-ci illər üçün əsas hədəflər çərçivəsində mövcud balıqartırma müəssisələrinin istehsal gücünün artırılması nəzərdə tutulur. Planlaşdırılan tədbirlərin nəticəsi olaraq illik körpə nərəcinsli balıq buraxılışının 1 milyon ədədə çatdırılması hədəflənir. Eyni zamanda proqnoz göstəricilərinə əsasən, gələn il 1 milyon ədəd kütüm (Rutilus kutum) və 2 milyon ədəd çəkikimilər (Cypriniformes) buraxılışı planlaşdırılır”.

Ceyhun Əliyev qeyd edib ki, Mərkəz yaranmamışdan əvvəl 2025-ci il üçün müəyyən edilmiş ov kvotası Xəzər dənizi üzrə 27 min 850 ton təşkil edib və bunun 12 min 951 tonu istifadə olunub. Daxili su hövzələri üzrə ümumi kvota 160 ton, faktiki istifadə isə 90 ton olub.

O, həmçinin bildirib ki, 2025-ci ilin yanvar ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən 216 nəfərə, daha sonrakı dövrdə isə Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs tərəfindən 15 nəfərə balıqovlama bileti verilib.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,