Dəm qazından "dəmlənib" ölənlər - Hansı ölkədə nə qədərdir?

Cəmiyyət

21.04.2026 14:04

Yay-qış fərq etmədən xəbərlərdə tez-tez dəhşətli başlıqlar peyda olur: “Dəm qazı ailə faciəsinə səbəb oldu”, “Hamam otağında bir nəfər həyatını itirdi”, “Uşaqlar xəstəxanaya yerləşdirildi”. Hər il yüzlərlə insan dəm qazından zəhərlənir, onlarla insan ölür. 

Bəs niyə ölkəmizdə bu problem hələ də davam edir?

Əvvəlcə dəm qazının nə olduğuna nəzər salaq. Dəm qazı (CO) rəngsiz, qoxusuz, dadsız bir qazdır. Qaz sobası, kömür peçi, hətta avtomobil mühərriki yanarkən natamam yanma nəticəsində əmələ gəlir. O, havada yığılıb qalanda insan orqanizminə daxil olur, qana bağlanır və oksigenin yerini tutur. Nəticədə beyin, ürək və digər orqanlar "boğulur". Ən dəhşətlisi odur ki, insan özü də hiss etmir, yuxuya gedirmiş kimi yavaş-yavaş huşunu itirir. Buna görə də ona "səssiz qatil" deyirlər.

Rəsmi statistikaya görə, hər il ölkədə 400-500 arası dəm qazı zəhərlənmə hadisəsi qeydə alınır. Məsələn, 2024-cü ildə 424 belə hadisə olub, 483 nəfər zəhərlənib, 44 nəfər həyatını itirib. 2025-ci ilin ilk üç ayında isə artıq 152 hadisə, 158 zəhərlənmə və 11 ölüm olub. Əksər hallar evlərdə, xüsusilə köhnə binalarda, kəndlərdə və ya ventilyasiyası zəif olan mənzillərdə baş verir.

Bəs digər ölkələrdə bu hadisə çox yaşanmır? 

Qərbi Avropada (Almaniya, Fransa, Norveç, İsveç) və ABŞ-də dəm qazı zəhərlənməsi çox nadir haldır. ABŞ-də ildə təxminən 330 milyon nəfər əhalidən 400 nəfər bu səbəbdən ölür. Yəni 100 min nəfərə 0,3-dən az ölüm düşür. 

Qərbi Avropada isə göstərici daha da aşağıdır. Çünki burada qanunla evlərdə karbonmonoksid detektoru (CO siqnalı) məcburidir, əks halda cəzalar tətbiq olunur. Qaz qurğuları hər il mütəxəssislər tərəfindən yoxlanılır, köhnə qazanlar vaxtında dəyişdirilir. İnsanlar maarifləndirilib, onlar evi havalandırmadan sobanı yandırmırlar. Binalar müasir standartlara uyğundur və ventilyasiya, avtomatik söndürmə sistemləri var.

Dəm qazı zəhərlənməsi ən çox hansı ölkələrdədir?

Bu siyahıda Şərqi Avropa liderdir. Təkcə 2021-ci ildə yaşa görə standartlaşdırılmış ölüm göstəricisi 100 min nəfərə 2,12 olub. Moldova, Rusiya, Litva, Belarus kimi ölkələrdə problem çox kəskindir. Məsələn, Moldova 100 min nəfərə 2,74 ölüm göstəricisi ilə dünyada öndədir. Səbəb isə Sovet dövründən qalan köhnə qaz sistemləri, ucuz Çin qazanları, ventilyasiyasız evlər və qışın sərt keçməsidir. 

Mərkəzi Asiyada da oxşar mənzərədir. Monqolustan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə göstəricilər yüksəkdir. Soyuq iqlim, kəndlərdə köhnə istilik sistemləri, elektrik kəsintiləri zamanı generator və ya kömür istifadəsi fəsadlara səbəb olur.

Azərbaycan da bu qrupa yaxındır. Yoxsulluq, köhnə tikinti, qayda-qanunların zəif icrası və “mənə heç nə olmaz” düşüncəsi birləşəndə faciələr baş verir.

Xoşbəxtlikdən, bu problem həll olunandır. Bir çox ölkə (hətta Şərqi Avropada bəziləri) bunu sübut edib. Azərbaycanda da addımlar atılır. Fövqəladə Hallar Nazirliyi hər il xəbərdarlıq edir, sosial şəbəkələrdə kampaniyalar gedir. Sözsüz ki, evlərdə CO detektorlarını məcburi etmək və pulsuz paylamaq, qaz qurğularının quraşdırılması və yoxlanışını ciddi nəzarətə götürmək, xüsusilə köhnə binalarda ventilyasiya sistemlərini yeniləmək vacibdir.

Türkan İsgəndərli

tag: Dəm qazı,Zəhərlənmə,Dedektor,Azərbaycan,Todaypress.tv,