Ceyhun Əliyev: “Suiti ölümləri ilə bağlı məlumatlar şişirdilir”

Cəmiyyət

19.12.2025 11:51

“Balıq ölümləri əsasən yay aylarında müşahidə olunur. Bir çox təsərrüfatlar sayı və şəraiti uyğun olmayan gölə balıqları buraxırlar, bu da onların ölümünə səbəb olur”.

TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.

O, suiti ölümlərinə də diqqət çəkib:

“Bu hal Kənd Təsərrüfatı Nazirliyi tərəfindən izlənilir, tarixi və səbəbləri araşdırılır. Təəssüf ki, bu mövzu ilə bağlı elmi mənbələr ölkəmizdə azdır. Xəzər dənizində kifayət qədər suiti populyasiyası mövcuddur.

Bəzən sahildə bir suiti ölüsü görən kimi “suitilər ölür” kimi məlumatlar yayılır. Halbuki suitilər əsasən su altında yaşayan canlılardır və onların təbii düşmənləri yoxdur. Bununla belə, məsələ qonşu ölkələrlə birgə araşdırılır”.

Direktor bildirib ki, iqlim dəyişmələri nəticəsində suiti sayı azala bilər, lakin bu, onların ölümlərinin əsas səbəbi deyil:

“Hazırda suitilərin sayında azalma müşahidə olunur. Bunun səbəbi isə iqlim dəyişməsidir. Suitilər balıqçılar səbəbindən də tələf ola bilirlər, lakin bu hal populyasiyanın ciddi şəkildə azalmasına səbəb olmur”.

Qiymət Mahir

TodayPress TV

tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,