Ceyhun Əliyev: “Balıq ehtiyatlarının bərpası üçün milyonlarla körpə balıq buraxılmalıdır”
Cəmiyyət
19.12.2025 11:14
“2025-ci ildə aparılan elmi ekspedisiyaların nəticələri əsasında Azərbaycanın balıq ehtiyatlarının bərpası və dayanıqlı idarə olunması üçün konkret ehtiyaclar müəyyən edilib”.
TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ekspedisiya zamanı balıq nümunələri ilə yanaşı zooplankton və fitoplankton nümunələrinin toplanması xüsusi metodlar vasitəsilə həyata keçirilib. Su nümunələri Xəzər dənizinin müxtəlif nöqtələrindən 10 və 25 metr olmaqla iki fərqli dərinlik üzrə götürülərək Nazirliyin tabeliyində fəaliyyət göstərən Baytarlıq Elmi-Tədqiqat İnstitutunda laborator analizlərdən keçirilib.
Direktor bildirib ki, əldə olunan qiymətləndirmələrin nəticələri cari ilin faktiki göstəricilərinin təhlilində, eyni zamanda qarşıdakı illər üçün planlaşdırılan balıq buraxılış tədbirlərinin müəyyən edilməsində əsas baza rolunu oynayıb:
“Mütəxəssislərin hesablamalarına əsasən, Azərbaycanın balıq ehtiyatlarının bərpası və davamlılığının təmin edilməsi məqsədilə daxili su hövzələrinə hər il təxminən 6–12 milyon ədəd, Xəzər dənizinə isə 11–23 milyon ədəd körpə balıq buraxılmasına ehtiyac var. 2026-cı il üzrə ov kvotalarının müəyyən edilməsi məqsədilə ekspedisiyanın nəticələri əsasında tərtib olunan hesabatlar təhlil edilərək AMEA Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib”.
Qiymət Mahir
tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,
