Ceyhun Əliyev: “Akvakultura təsərrüfatlarının sayı artıb”
Cəmiyyət
19.12.2025 11:26
“Azərbaycanda akvakultura sahəsində qeydiyyat, nəzarət və monitorinq tədbirləri genişləndirilib, təsərrüfatların fəaliyyəti mərhələli şəkildə tənzimlənməyə başlanıb”.
TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev 2025-ci ildə balıqçılıq və akvakultura sahəsində görülən tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayınadək ETSN tərəfindən rəsmi qeydiyyata alınmış akvakultura təsərrüfatlarının sayı 78 olub. 2025-ci ilin dekabr ayına qədər isə Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən aparılan qeydiyyat nəticəsində bu rəqəm 88-ə çatıb. Hazırda ölkə üzrə 4 təsərrüfatda 2 RAS sistemi, ümumilikdə isə 6 təsərrüfatda RAS sistemi mövcuddur:
“Aparılan ilkin araşdırmalara əsasən, ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur və bu təsərrüfatların ilkin uçotunun aparılması üzrə fəaliyyətlər davam etdirilir. Qeydiyyata alınmış akvakultura təsərrüfatlarında damazlıq balıq sürülərinin keyfiyyətinin və sayının müəyyən edilməsi məqsədilə bonitirovka tədbirləri həyata keçirilir. Bu çərçivədə 10 təsərrüfatda bonitirovka aparılıb, ilin sonuna qədər isə 4 təsərrüfatda bu işlərin davam etdirilməsi planlaşdırılır”.
O əlavə edib ki, akvakultura təsərrüfatlarında bonitirovkanın aparılması, törədici fondun öyrənilməsi, eyni zamanda CITES tələblərinə uyğun nəsil kəsilməkdə olan növlərin (nərəkimilərin və qızılbalıqkimilərin) qorunması və onlardan əldə olunan məhsulların (ət və kürünün) qanuni dövriyyəsinin təmin edilməsi əsas məqsədlərdəndir.
Qiymət Mahir
tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,
