Ceyhun Əliyev: “2025-ci ildə balıqçılıq sahəsində sistemli tədbirlər həyata keçirilib”
Cəmiyyət
19.12.2025 11:11
“2025-ci ildə Azərbaycanda balıqçılıq və akvakultura sahəsində dövlət siyasətinin daha səmərəli və sistemli şəkildə icrası istiqamətində mühüm tədbirlər həyata keçirilib”.
TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 dekabr tarixli, 253 nömrəli Fərmanına əsasən yaradılan Balıqçılıq və Akvakultura Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyət göstərir və yaradıldığı gündən etibarən təsdiq olunmuş Nizamnaməyə uyğun şəkildə fəaliyyətini həyata keçirir.
Ceyhun Əliyev bildirib ki, Mərkəzin fəaliyyətində iki əsas strateji istiqamət müəyyən edilib. Bunlardan birincisi balıq ovunun daha dayanıqlı, nəzarətli və elmi əsaslarla həyata keçirilməsinin təmin olunmasıdır. İkinci əsas istiqamət isə ölkədə akvakultura sahəsinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və akvakultura təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıdır.
Direktor qeyd edib ki, su bioresurslarının dayanıqlığının təmin edilməsi, ehtiyatların bərpası, qorunması və obyektiv elmi qiymətləndirilməsi dayanıqlı idarəetmənin əsas şərtlərindən biridir. Bu məqsədlə 2025-ci ilin 13–23 oktyabr tarixlərində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi üçün genişmiqyaslı elmi ekspedisiya təşkil olunub.
Onun sözlərinə görə, ekspedisiya Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə, AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Ekspedisiya zamanı Xəzər dənizində və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının qiymətləndirilməsi aparılıb.
Ceyhun Əliyev vurğulayıb ki, Xəzər dənizində kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri həyata keçirilib, daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti qiymətləndirilib.
O əlavə edib ki, tədqiqatlar çərçivəsində balıq növlərinin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri öyrənilib, eyni zamanda Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərdən istifadə olunaraq balıq sürülərinin miqrasiya marşrutları, sıxlıqları və növ tərkibi müəyyənləşdirilib.
Qiymət Mahir
tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,
