Balıqçılıq və akvakultura sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir
Cəmiyyət
19.12.2025 11:38
“2025-ci ildə balıqçılıq və akvakultura sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib”.
TodayPress TV xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev 2025-ci ildə balıqçılıq sahəsində görülən işlərə həsr olunmuş mətbuat konfransında deyib.
Ceyhun Əliyevin sözlərinə görə, 13–15 may 2025-ci il tarixlərində Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Mərkəzi Asiya və Qafqaz Regional Balıqçılıq və Akvakultura Komissiyasının (CACFish) Texniki Məsləhət Komitəsinin yeddinci iclası keçirilib. İclasda beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, akvakultura sahəsində çalışan yerli mütəxəssislər də iştirak ediblər.
Direktor bildirib ki, FAO-nun TCP/AZE/3904 “Kənd yerlərinin inkişafı” layihəsi çərçivəsində 25 avqust – 12 sentyabr 2025-ci il tarixlərində balıqçılıq və akvakultura sahəsini əhatə edən təlim proqramı təşkil olunub. Təlimlərdə 15 nəfər əməkdaş iştirak edib, proqram çərçivəsində müasir yanaşmalar, beynəlxalq təcrübə və praktiki biliklərin artırılmasına xüsusi diqqət yetirilib.
Ceyhun Əliyev qeyd edib ki, 24–26 noyabr 2025-ci il tarixlərində Türkmənistan Respublikasının Aşqabad şəhərində Xəzər dənizinin su bioresurslarının qorunması, rasional istifadəsi və ehtiyatların idarə olunmasına dair Komissiyanın 9-cu iclası keçirilib və Azərbaycan nümayəndə heyəti bu tədbirdə təmsil olunub.
Onun sözlərinə görə, iclas zamanı Komissiyanın əvvəlki qərarlarının icrası, 2024-cü ildə istifadə olunmuş balıqçılıq kvotaları, ehtiyatların bərpası, balıqartırma proqramları və su bioresurslarının mühafizəsi məsələləri müzakirə edilib. Elmi tədqiqat məlumatları əsasında Xəzər dənizində bioresursların mövcud vəziyyəti qiymətləndirilib, 2026-cı il üçün birgə balıqçılıq kvotaları təsdiq edilib və növbəti mərhələ üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Qiymət Mahir
tag: Ceyhun Əliyev,Direktor,Balıq,Tədbir,Todaypress.tv,
