Bakı metrosunun "suyu axır" - Köhnə kanalizasiya, yeni problemlər
Cəmiyyət
27.04.2026 15:20
Metrolarda perron boyunca divarlarda açıq-aşkar su sızmaları, mərmər üzlüklərin deqradasiyası və uzunmüddətli rütubət izləri görünür. Eyni zamanda, metropolitendə zaman-zaman baş verən texniki nasazlıqların bu cür sızmalarla əlaqəli ola biləcəyi ehtimalı da diqqət çəkir.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan memar Cahid Həsənov problemin əsasən şəhərin köhnəlmiş kanalizasiya sistemi ilə əlaqəli olduğunu bildirib.

Onun sözlərinə görə, paytaxtın mövcud kanalizasiya infrastrukturu Sovet dövründə, təxminən 1-1,5 milyon əhali üçün layihələndirilib:
"Metrolarda sızmalar, tunellərin su ilə dolması kimi hadisələrin hamısı birbaşa Bakı şəhərinin kanalizasiya sisteminin köhnə olması ilə bağlıdır. Bu sistem 20, 30, hətta 50-60 il əvvəl çəkilib. Hazırda Bakı əhalisinin sayı 4-5 milyona çatıb və mövcud sistem bu yükü qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən yağış və qar yağıntıları zamanı yeraltı infrastruktura əlavə təzyiq yaranır. Bu sistem tam dəyişdirilməyincə, yağış və ya qar yağdıqda tunellərdə, eləcə də metrolarda sızmaların olması qaçılmazdır".
Memar metro və tunellərdəki problemlərin birbaşa layihələndirmə və ya tikinti səhvləri ilə əlaqələndirilməsinin doğru olmadığını da vurğulayıb. Onun fikrincə, məsələ daha çox köhnə yanaşma və texnologiyalarla bağlıdır:
"Lakin bu problemləri metro və ya tunellərin düzgün tikilməməsi və ya səhv layihələndirilməsi ilə əlaqələndirmək doğru deyil. Sadəcə olaraq, əvvəlki dövrdə yanaşma fərqli idi. Köhnəlmiş boru xətləri, qırılmalar və tam aşkar edilməmiş zədələr də sızmaların əsas səbəblərindəndir. Bu hallarda su yeraltı qatlara keçərək həm metro tunellərinə, həm də binaların bünövrələrinə təsir göstərir. Nəticədə su yeraltı qatlara sızır, metro və tunellərə dolur, həmçinin yaşayış binalarının bünövrələrində toplanır".
Mütəxəssisin sözlərinə görə, bu proses mərhələli şəkildə 3-5 il ərzində həyata keçiriləcək.
"Müasir texnologiyaların tətbiqi və sistemin tam yenilənməsi nəticəsində gələcəkdə bu kimi problemlərin qarşısını almaq mümkün olacaq. Yeni texnologiyalar, müasir mexanizmlər və daha ciddi nəzarət ilə sistem yeniləndikdən sonra bu kimi problemlər aradan qalxacaq", - deyə Cahid Həsənov fikrini tamamlayıb.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin kanalizasiya sisteminin yenilənməsi ilə bağlı layihəyə start verildiyi açıqlanıb.
Türkan İsgəndərli
tag: Cahid Həsənov,Memar,Bakı,Metro,Todaypress.tv,
