Azərbaycanda sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq oluna bilər - AÇIQLAMA

Cəmiyyət

19.12.2025 17:37

Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan edilməsi təklif olunur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bu barədə parlamentin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bu təşəbbüslə çıxış edib.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu cür qərarların əsas məqsədi uşaqların təhlükəsizliyinin qorunmasıdır və yanaşma düzgün istiqamətdədir.


Onun sözlərinə görə, sosial şəbəkələr uşaqlar üçün həm informasiya mənbəyi, həm də ciddi risk daşıyan platformalardır:

"16 yaşdan aşağı uşaqların psixoloji və emosional inkişafı hələ tam formalaşmadığı üçün onlar sosial şəbəkələrdə rast gəlinən zorakılıq, aqressiya, yanlış informasiya, manipulyativ və zərərli kontent qarşısında daha həssasdırlar. Bu baxımdan yaş məhdudiyyəti təhlükəsizlik tədbiri kimi başa düşülməlidir".

Ekspert əlavə edib ki, sosial şəbəkələrdə nəzarətsiz iştirak uşaqlarda diqqət dağınıqlığı, asılılıq, özgüvən problemləri və aqressiv davranışlara səbəb ola bilər:

"Son illər məktəblərdə müşahidə etdiyimiz bir çox davranış və psixoloji problemlərin kökündə məhz nəzarətsiz sosial media istifadəsi dayanır. Uşaqlar real ünsiyyətdən uzaqlaşır, virtual aləmdə özlərini təsdiqləməyə çalışırlar. Qadağa tətbiq ediləcəyi halda belə, bu məsələ yalnız inzibati tədbirlərlə məhdudlaşmamalıdır. Texniki olaraq qadağa tətbiq etmək mümkündür, lakin bu, problemi tam həll etmir. Əsas məsələ valideyn nəzarəti, məktəblərdə rəqəmsal savadlılıq dərsləri və uşaqlara sosial medianın risklərinin izah edilməsidir".

Rizvan Fikrətoğlu qeyd edib ki, bir sıra ölkələrdə oxşar məhdudiyyətlər mövcuddur və bu yanaşma artıq qlobal tendensiyaya çevrilib.

Qeyd edək ki, sözügedən qanun daha əvvəl Avstraliyada tətbiq edilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rizvan Fikrətoğlu,Ekspert,Sosial şəbəkə,Qadağa,Todaypress.tv,