Avtobuslarda tüstülənmə niyə baş verir? - AÇIQLAMA

Cəmiyyət

21.04.2026 17:17

"Avtobusların tüstülənməsi və bu kimi texniki nasazlıqlar, xüsusilə də istismar müddəti çox olan və ya texniki baxışı vaxtında və keyfiyyətli aparılmayan nəqliyyat vasitələrində daha çox müşahidə olunur".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.


Onun fikrincə, avtobusda baş verən tüstülənmə mühərrik sistemində nasazlıq, yanacaq sistemində düzgün yanmama prosesi, turbin və ya egzoz (çıxış) sistemində problem, eləcə də yağ sızması və ya soyutma sistemində çatışmazlıqla bağlıdır.

"Çünki bu kimi hallarda mühərrikdə yanacaq tam yanmadıqda və ya artıq yüklənmə olduqda qalın tüstü əmələ gəlir ki, bu da həm texniki qüsurun, həm də istismar rejiminin düzgün qurulmadığının göstəricisidir. Xüsusilə dizel mühərrikli avtobuslarda qara tüstü yanacağın natamam yanmasını, ağ tüstü soyutma mayesinin yanma kamerasına düşməsini, mavi tüstü isə mühərrik yağının yanmasını göstərir və hər biri artıq ciddi nasazlığın siqnalıdır. Belə problemlər təkcə ekoloji çirklənmə yaratmır, eyni zamanda sərnişinlərin və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün də real risk formalaşdırır". 

Ekspert əlavə edib ki, tüstülənmə ilə müşayiət olunan nasazlıq bəzi hallarda mühərrikin qızmasına, qəfil dayanmasına, hətta daha ağır hallarda yanğın təhlükəsinə qədər gedib çıxa bilər.

"Xüsusilə sıx şəhər trafikində hərəkətdə olan avtobusun qəfil dayanması arxadan toqquşma riskini artırır, salon daxilində isə sərnişinlərin panikaya düşməsi və xaotik vəziyyət yaranması mümkündür. Problemin kökündə isə çox vaxt müntəzəm texniki baxışın formal xarakter daşıması, ehtiyat hissələrinin vaxtında dəyişdirilməməsi, sürücülərin nəqliyyat vasitəsinin texniki vəziyyətinə operativ reaksiya verməməsi və ümumilikdə istismar intizamının zəif olması dayanır".

O vurğulayıb ki, bu səbəbdən belə halların qarşısını almaq üçün avtobus parklarında ciddi texniki nəzarət mexanizmlərinin tətbiqi, gündəlik baxışların real və şəffaf keçirilməsi, köhnə nəqliyyat vasitələrinin mərhələli şəkildə yenilənməsi və sürücülərin texniki nasazlıqları vaxtında aşkar edib xəttə çıxmamaq məsuliyyətinin artırılması vacibdir. Əks halda bu kimi “sadə tüstülənmə” kimi görünən hallar daha böyük qəzaların başlanğıcı ola bilər.

Qeyd edək ki, son günlər ictimai nəqliyyat vasitələrində, xüsusilə də avtobuslarda tüstülənmə və texniki nasazlıqların yaranması ilə bağlı görüntülər yayılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Adil Nəbiyev,Ekspert,Avtobus,Tüstülənmə,Todaypress.tv,