30 ildən qalan ağır cinayətlərin üstü necə açılır? - Kriminalist sirləri açır
Cəmiyyət
24.04.2026 14:33
Cəmiyyətdə bəzən belə bir təsəvvür yaranır ki, uzun illər əvvəl baş vermiş və üstü açılmamış cinayətlər arxivin tozlu rəflərində unudulub gedir. Lakin son zamanlar mediada 20-30 il əvvəl törədilən ağır cinayətlərin ifşa olunması barədə xəbərlərin artması bunun əksini sübut edir.
Bəs uzunmüddət keçsə də, gizli qalan cinayətlərin izi necə tapılır?
Tanınmış kriminalist Şəmsəddin Əliyev mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması Daxili İşlər Nazirliyinin (DİN) fəaliyyətində "qırmızı xətt"dir və bu istiqamətdə güzəştsiz mübarizə aparılır.

Onun sözlərinə görə, bağlı qalmış işlərin açılması təkcə hüquqi öhdəlik deyil, həm də cəmiyyətin təhlükəsizliyi üçün mütləqdir:
"Cəzasız qalan hər bir cinayətkar yeni və daha ağır əməllər törətməyə meylli olur. Keçmiş illərdən bağlı qalan cinayətlərin açılması polisin bir əsrdən çox təcrübəsində ənənəvi bir prinsipdir. Cinayət törədənləri kənarda qoymaq cəmiyyət üçün kifayət qədər təhlükəli olduğundan, rəhbərliyin bu məsələdə qırmızı xətti var. Çünki cəzasızlıq mühiti belə insanları təkrar cinayətlərə şirnikləndirir və onlar residivləşirlər".
Kriminalist vurğulayıb ki, şəxsiyyət əleyhinə olan ağır cinayətlər, xüsusən də qəsdən adam öldürmə, mütəşəkkil cinayətkarlıq və mənzil oğurluqları mütəmadi olaraq kollegiya iclaslarında müzakirə edilir. Hər bir rayon polis idarəsi açılmayan işlər barədə xüsusi hesabat verir:
"İstintaqı aparan qurum əməliyyat-axtarış fəaliyyətinə konkret tapşırıqlar verir. İstintaqçı işdəki boşluqları görür, cinayətkarın yaxın ətrafı ilə bağlı məlumatları təhlil edir və bu tapşırıqlar icra olunana qədər nəzarətdə saxlanılır. Bəzən bir tapşırıq icra edildikdən sonra yeni detallar üzə çıxır və proses yenidən canlanır. Müasir kriminalistikada cinayətkarlar üçün gizlənmək mümkünsüzdür. Şəxsiyyəti bəlli olan şəxslərin sirkulyar qaydada axtarışa verilməsi onların dünyanın harasında olmasından asılı olmayaraq yaxalanmasını təmin edir".
Görülən kompleks tədbirlərin statistik göstəricilərə də birbaşa təsir etdiyini deyən ekspert 2025-ci ilin nəticələrini nümunə gətirib:
"Peşəkarlıq və prinsipiallıq nəticəsində 2025-ci ildə ümumi cinayətlərin sayında təxminən 8%-ə qədər azalma müşahidə olundu. Əvvəlki dövrdə 34 mindən çox olan cinayət sayı 31 min 800-ə düşdü. Bu, polisin görünməyən tərəfdə apardığı gərgin işin bariz nümunəsidir".
Sonda Şəmsəddin Əliyev vətəndaşlara səslənərək bildirib ki, heç bir cinayət unudulmur və cinayətkarlar gec-tez ədalət qarşısında cavab verirlər. Onun sözlərinə görə, korrupsiya zəminində bəzi hallarda "himayədarlar" tərəfindən ört-basdır cəhdləri olsa da, polis orqanlarının qarşısında duran əsas vəzifə qanunun aliliyini təmin etməkdir.
Türkan İsgəndərli
tag: Şəmsəddin Əliyev,Kriminalist,Azərbaycan,Cinayət,Todaypress.tv,
