Frenk Lemparddan möhtəşəm dönüş hekayəsi
Frenk Lempard İngiltərə Məşqçilər Assosiasiyası (LMA) tərəfindən ilin məşqçisi seçilib.
TodayPress TV xəbər verir ki, aprel ayında Çempionşipdə mövsümün ən yaxşı məşqçisi seçilən “Koventri Siti” klubunun çalışdırıcısı bu dəfə həmkarlarının səsverməsində də qalib olub.
47 yaşlı mütəxəssis səsvermədə Mikel Arteta, Pep Qvardiola, Unai Emeri, Andoni İraola, Kit Endryus, Maykl Skubal və Endi Vudman kimi namizədləri qabaqlayıb.
Lemparda təqdim olunan mükafat Aleks Ferqyusonun adını daşıyır. Səhhətindəki problemlərlə əlaqədar mərasimdə iştirak edə bilməyən əfsanəvi mütəxəssisin məktubunu İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel oxuyub.
Tuhel Ferqyusonun adından Lempardı təbrik edərək, “Koventri”nin cari mövsüm inamlı və cəsarətli futbol sərgilədiyini bildirib və ona Premyer Liqada uğurlar arzulayıb.
Qeyd edək ki, “Koventri Siti” klubu son mövsüm Çempionşipin qalibi olaraq Premyer Liqaya vəsiqə qazanıb. Komanda ən yaxın izləyicisini 11 xal qabaqlayıb və 2000/2001-ci illər mövsümündən sonra ilk dəfə İngiltərə Premyer Liqasında çıxış edəcək.
Namiq HUN