Tramp kabineti Kemp-Deviddə toplayır: Əsas müzakirə mövzusu İran olacaq
ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyəti müzakirə etmək üçün nazirlər kabinetinin iclasını Kemp-Devid iqamətgahında keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, Trampın sələflərindən fərqli olaraq nadir hallarda ziyarət etdiyi Kemp-Devidin seçilməsi müzakirə olunacaq məsələlərin həssas xarakter daşıdığını göstərir.
“New York Post”un məlumatına görə, iclasın əsas mövzusu İran olacaq. Kabinet üzvlərinin Tehranla aparılan danışıqların hazırkı vəziyyətini, eləcə də diplomatik proses uğursuz olacağı təqdirdə hərbi əməliyyatların yenidən başlanması da daxil olmaqla mümkün addımları müzakirə edəcəyi gözlənilir.
Tramp ötən gün İranla razılaşmanın yaxın olduğunu bildirsə də, diplomatiyanın nəticə verməyəcəyi halda İrana zərbələrin yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib. Gündəlikdə iqtisadi məsələlərin də yer alacağı qeyd olunub.
Qeyd edək ki, Kemp-Devid daha əvvəl də ABŞ-nin mühüm diplomatik danışıqlarına ev sahibliyi edib. Burada 1978-ci ildə İsrail və Misir arasında tarixi razılaşmalar imzalanıb. Trampın ikinci prezidentlik müddətində bu iqamətgaha hazırkı səfəri ikinci olacaq. İlk səfər 2025-ci ilin iyununda ABŞ-nin İranın nüvə proqramına zərbələr endirməsindən qısa müddət əvvəl baş tutmuşdu.
Aysel Mətləb