Paşinyana əsas qələbəni sülh mesajı qazandıracaq
Azərbaycan və Ermənistan arasında sülh küləkləri əssə də, regionun siyasi xəritəsində hələ də cavab gözləyən suallar çoxdur.
Xüsusilə, Prezident İlham Əliyevin 10 may 2026-cı ildə Zəngilanda sakinlərlə görüşü zamanı verdiyi bəyanatlar gələcəyə baxışın rəsmi anonsu kimi yadda qaldı. Bu çıxışın sətiraltı mənaları həm daxili auditoriya, həm də Ermənistandakı siyasi gərginlik üçün ciddi mesajlar daşıyır.
Prezidentin mesajlarının əsas qayəsi sülhün artıq qaçılmaz bir reallıq olmasıdır. O, açıq şəkildə bildirdi ki, Azərbaycanın Ermənistanı bir dövlət kimi məhv etmək və ya müstəqilliyini əlindən almaq kimi bir niyyəti yoxdur. Lakin burada incə, həm də sərt bir xəbərdarlıq var: Ermənistan cəmiyyətində hələ də nifrətlə qidalanan, revanş eşqi ilə yaşayan qüvvələr mövcuddur. Əliyev bu "canilər" və radikal qrupların hakimiyyətə gəlmə ehtimalını Ermənistan xalqı üçün böyük bir bəla kimi xarakterizə etdi. Bu, bir növ Ermənistan seçicisinə "seçiminiz taleyinizi müəyyən edəcək" deməkdir.
Bu bəyanatları Ermənistanda iyun ayında keçiriləcək seçkilər fonunda oxuduqda mənzərə daha da aydınlaşır. Prezidentin sözləri Paşinyan hakimiyyətinin sülh tərəfdarı olan xəttinə münasibət, Köçəryan kimi radikal müxalifətə isə qırmızı işıqdır. Zəngilanın sürətlə bərpası və "Böyük Qayıdış"ın reallığa çevrilməsi isə Azərbaycanın masada və meydanda nə qədər güclü olduğunu bir daha nümayiş etdirir.
Ermənistan tərəfi isə bu çıxışı fərqli prizmalardan görür. Paşinyan tərəfdarları bunu sülhün qarantı və radikalları sıradan çıxarmaq üçün bir fürsət hesab edirlər. Onlara görə, bu, mövcud hakimiyyətin siyasətinin düzgünlüyünün təsdiqidir. Müxalifət isə, təbii ki, bu fürsəti əldən vermir; onlar bu bəyanatları "suverenliyə müdaxilə" və ya Paşinyanla Əliyevin birgə planı kimi qələmə verərək xalqın hissləri ilə oynamağa çalışırlar.
Erməni cəmiyyətindəki çat isə getdikcə dərinləşir. Bir tərəf artıq müharibədən yorulub, iqtisadi dirçəliş və yolların açılmasını istəyir, digər tərəf isə "təslimçilik" şüarları ilə köhnə revanşist xəyallardan əl çəkmir. Sosial şəbəkələrdəki qızğın müzakirələrə baxmayaraq, geniş kütlələrin sülhün saxlanmasına daha meyilli olduğu görünür.
Yekun olaraq, Zəngilan mesajı Azərbaycanın qətiyyətli mövqeyini bir daha dünya mediasına və qonşu ölkəyə diktə etdi: Biz sülh istəyirik, amma zəifliyə və ya yenidən baş qaldıra biləcək revanşizmə əsla imkan verməyəcəyik. Ermənistan indi yol ayrıcındadır: ya Paşinyanla iqtisadi inkişafa doğru addımlamaq, ya da radikalların arxasınca gedib yeni fəlakətlərə sürüklənmək. Bu seçim yaxın aylarda regionun taleyini birdəfəlik həll edəcək.
Qiymət Mahir