Arteta: “Klub tarixinin ən böyük “Bornmut” fanatıyam”
Mikel Arteta Premyer Liqanın XXXVII turunda keçiriləcək “Bornmut” – “Mançester Siti” oyunu barədə danışıb.
TodayPress TV “Arsenal” klubunun rəsmi saytına istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi “şəhərlilər”in xal itirəcəyi halda komandalarının vaxtından əvvəl çempion olacağını bildirib.
Arteta “Bornmut”u dəstəkləyəcəyini gizlətməyib:
“Bornmuta azarkeşlik edəcəyəmmi? Klubun tarixindəki ən böyük azarkeş mənəm. Andoni İraola, futbolçular və azarkeşlər üçün hamımız əsas fanatıq. Bunun nə demək olduğunu bilirik. Onlara dəstəyimizi göndərəcəyik”.
İspaniyalı mütəxəssis həmçinin Andoni İraola ilə oyunöncəsi xüsusi danışığa ehtiyac olmadığını deyib:
“Düşünürəm ki, buna ehtiyac yoxdur. Onun bu klubda gördüyü işlər və yaratdığı dəyişiklik hər şeyi göstərir”.
Arteta əlavə edib ki, “Mançester Siti”nin oyununu futbolçularla birlikdə izləməyəcək:
“Oyunu ailəmlə birlikdə evdə izləyəcəyəm. Nə qədər baxacağımı isə bilmirəm”.
Qeyd edək ki, hazırda “Arsenal” 82 xalla Premyer Liqanın lideridir. Bir oyun az keçirən “Mançester Siti” isə 77 xalla ikinci pillədə qərarlaşıb.
Namiq HUN