Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı
17.10.2025 14:14 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV-nin məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının "Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu" mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.

Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində böyük rol oynayırlar.

ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasının budəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.

Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.

Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir.

Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensus mərkəzi kimi rolunu bir daha təsdiqlədi. İqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq səylərini tələb etdiyi kimi, beynəlxalq sülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyin qorunması da eyni miqyasda kollektiv öhdəlik zərurətini ortaya qoyur. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektiv öhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.

Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir.

İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qlobal dialoqu zənginləşdirərək beynəlxalq ictimaiyyətə həmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək.

Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlar arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər