Azərbaycan–Slovakiya əməkdaşlığı dərinləşir: Prezidentin səfəri yeni imkanlar açır

Təhlil

09.12.2025 12:46

“Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında həm siyasi, həm də iqtisadi tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Son illərdə əməkdaşlığın dinamikası xüsusilə enerji sahəsində özünü daha aydın büruzə verir”.

TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.


Deputatın sözlərinə görə, Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir və bu siyahıya Slovakiya da daxildir. O vurğulayıb ki, Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə bəyanatında qeyd etdiyi kimi, Azərbaycan həm Slovakiyaya, həm də onun qonşu ölkələrinə daha çox qaz nəql etmək niyyətindədir. Bu isə Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da gücləndirir.

Vüqar Bayramov əlavə edib ki, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur:

“Ötən il Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi 46 milyon dollar təşkil edib. Bu ilin ilk doqquz ayında isə dövriyyə 31 milyon dollara yaxın olub. İqtisadi imkanları nəzərə aldıqda, ticarət həcminin daha da artırılması üçün geniş perspektivlər var”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə tərəfdaşlığının gücləndirilməsinə ciddi töhfə verir:

“Azərbaycan regionun enerji təhlükəsizliyində aparıcı rol oynayır. Bu, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir və Avropa məkanında əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

Qiymət Mahir

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Azərbaycan,Slovakiya,Todaypress.tv,