“Rusiyadan qayıdan azərbaycanlılar ölkədə asanlıqla iş tapa biləcəklər” – Millət vəkili açıqladı
Təhlil
02.07.2025 18:00
"Rusiyada yaşayan azərbaycanlılarının sayı barədə statistik məlumatları təzyiq vasitəsinə çevirirlər".
Milli Məclisin deputatı Azər Allahverənov bunu TodayPress TV-yə danışarkən deyib.
O bildirib ki, Yekaterinburqda baş verən hadisədən sonra Azərbaycan və Rusiya mətbuatında Rusiyada yaşayan azərbaycanlıların geri qayıtmasının mümkünlüyü barədə informasiyalar geniş şəkildə tirajlanır:
"Xüsusilə sayla bağlı yayılan məlumatlar daha çox spekulyativ xarakter daşıyır. Rəsmi və qeyri-rəsmi mənbələrdən səsləndirilən fərqli rəqəmlərdən Azərbaycana qarşı təhdid elementi olaraq istifadə etməyə çalışırlar".
Deputat qeyd edib ki, 2025-ci ilin yanvar ayına olan rəsmi statistikaya əsasən, Rusiyada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının sayı 331 727 nəfərdir. Rusiya Daxili İşlər Nazirliyinin ötən ilin noyabr ayında açıqladığı məlumata görə isə təxminən 110 min nəfər Azərbaycan vətəndaşı bu ölkə ərazisində qanunsuz yaşayır. Bu iki rəqəm birlikdə təxminən 450 min nəfərlik kontingenti əhatə edir.
Azər Allahverənov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının vətəndaşı olub, sonradan Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş, lakin milli kimliyini qoruyub saxlayan azərbaycanlıların sayı isə təxminən 2 milyon yarım olaraq göstərilir:
"Əgər söhbət miqrantlardan gedirsə, onların sayı 450 min civarındadır", - deyə parlamentari bildirib.
Azərbaycana qayıdış məsələsinə toxunan millət vəkili vurğulayıb ki, vətəndaşlarımızın ölkəyə qayıtmaq hüququ konstitusion prinsiplərlə qorunur:
"Təbii ki, Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmaq hüququ vardır və bu hüquq qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin IV bəndinə əsasən, “Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır”. Bu hüquq heç bir halda məhdudlaşdırıla bilməz.
Əgər Rusiya Federasiyasına müxtəlif məqsədlərlə gedən soydaşlarımız həmin məqsədlərinə çata bilmirlərsə və ya qarşılarında maneələr yaradılırsa, onlar istənilən vaxt rahat şəkildə vətənə qayıda bilərlər. Qeyd olunan 331 727 nəfər Azərbaycan vətəndaşı il ərzində bir neçə dəfə ölkəyə geri dönür. Onların bir qismi Rusiya ərazisində əsasən əmək fəaliyyəti ilə məşğul olan şəxslərdir. Əmək fəaliyyəti üçün şərait məhdudlaşdığı halda, həmin şəxslər Rusiya ərazisini tərk edərək Azərbaycana və ya digər ölkələrə üz tutmaq məcburiyyətində qalırlar.
Son zamanlar bəzi vətəndaşlarımızın əmək fəaliyyəti üçün Özbəkistan və Qazaxıstana üz tutduqları müşahidə olunur. Artıq onlar iş imkanlarını bu ölkələrlə əlaqələndirməyə çalışırlar".
Millət vəkili kütləvi geri dönüşün baş verəcəyini düşünmür:
"Rusiya-Azərbaycan münasibətlərinin son onillik dinamikasına baxsaq, 2005–2006-cı illərdə Azərbaycandan olan miqrantların müxtəlif sahələrdən uzaqlaşdırılması kimi hallar yaşanıb. Müxtəlif dövrlərdə müəyyən gərginliklər müşahidə olunsa da, kütləvi miqrasiya baş verməyib.
Hazırda Rusiya hökuməti qanunsuz miqrasiya ilə ciddi mübarizə aparır. Müxtəlif ölkələrdən ümumilikdə 1 milyon 100 mindən çox qanunsuz miqrantın olduğu bildirilir. Bu göstəricinin təxminən 10 faizindən bir qədər az hissəsini azərbaycanlılar təşkil edir. Rusiya çalışır ki, qanunsuz miqrasiyaya qarşı effektiv tədbirlər görsün və həmin şəxslərin statusu leqallaşdırılmadan ölkə ərazisindən çıxarılmasına nail olsun. Bu kontekstdə təqribən 80–100 min nəfər qanunsuz azərbaycanlı miqrantın geri qayıtması mümkündür. Çünki onların Rusiya ərazisində qalmaq üçün hüquqi əsasları yoxdur. Bu şəxslər aşkarlanarsa, ölkədən çıxarılmalıdırlar".
A. Allahverənov belə bir ssenarinin baş verəməsi halında həmin şəxslərin Azərbaycanın əmək bazarında asanlıqla iş tapa biləcəyini qeyd edib:
"Belə bir qayıdış baş verərsə, həmin vətəndaşlar öz peşə bacarıqlarına uyğun olaraq Azərbaycanda əmək bazarında asanlıqla iş tapa bilərlər. Hazırda ölkədə əmək resurslarına ciddi ehtiyac var. Uzun müddət işğal altında qalmış ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Rusiyadan qayıdan və əmək fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlarımız bu istiqamətdə öz potensiallarını dəyərləndirə bilərlər. Bilik və bacarıq olduqda, bu şəxslər əmək bazarında rahat şəkildə özlərinə uyğun iş tapa biləcəklər. Peşəkar kadr resurslarına ölkədə hər zaman ehtiyac var".
Qiymət Mahir
tag: Azər Allahverənov,Deputat,Rusiya,Azərbaycanlılar,
