"Qamus" platforması: Ortaq Türk əlifbasının yaranmasında yeni baza

Təhlil

14.10.2025 10:07

“Türk dünyasını ortaq rəqəmsal platformada birləşdirən layihələr kollektiv yaddaşın formalaşmasına və dil birliyinin möhkəmlənməsinə xidmət edir”.

Bu barədə TÜRKPA baş katibi Mehmet Süreyya Ər məlumat verib. 

Onun sözlərinə görə, layihələr parlamentlərarası əməkdaşlığı və dil həssaslığını artırır. Eyni zamanda “Qanun” sistemi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın hüquqi mətnlərini rəqəmsal şəkildə bir araya gətirir. “Qamus” layihəsi, həmçinin Türk dillərinin müqayisəli lüğətini təqdim edir.

“Türk ölkələrinin qanun sisteminin mətnlərini rəqəmsal şəkildə bir araya gətirmək çox ciddi nəticələrə səbəb olacaq bir layihədir”

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu, çox ciddi bir prosesdir:

"Layihənin müsbət və sevindirici tərəfi ondadır ki, bu prosesdə Türk ölkələrinin Parlament Assambleyası rol alır. Türk ölkələrinin qanun sisteminin mətnlərini rəqəmsal şəkildə bir araya gətirmək çox ciddi nəticələrə səbəb olacaq bir layihədir. Biz illərdir ki, ortaq Türk əlifbası uğrunda mübarizə aparırıq. Şəxsən mənim 20 ildir rəhbərlik etdiyim Müasir İnkişaf İctimai Birliyi bu istiqamətdə çoxsaylı layihələr və tədbirlər gerçəkləşdirib. O cümlədən çoxsaylı QHT-lər, alimlər, ziyalılar, həmçinin dövlət qurumları və dövlətləri birləşdirən beynəlxalq təşkilatlarımız da bu istiqamətdə çalışır və bu çox faydalıdır”.

Ekspertin fikrincə, bu proses siyasi koordinasiyanı olduqca dərinləşdirəcək:

"Bu məsələ, təbii ki, siyasi inteqrasiyanı dərinləşdirəcək. Türk Dövlətləri Assambleyası Türk dövlətləri arasında, Türk dünyasında ən samballı qurumdur. Nəzərə alsaq ki, dövlət başçılarını birləşdirən qurum Türk Dövlətləri Təşkilatıdırsa, qanunvericilik orqanlarının əməkdaşlarını, millət vəkillərini də birləşdirən Türk Parlament Assambleyasıdır. Assambleyanın bu prosesə qoşulması siyasi inteqrasiyanı dərinləşdirməklə yanaşı, artıq ədəbi-mədəni prosesləri də sürətləndirmiş olacaq. Əgər bir siyasi inteqrasiyada tıxanma varsa, o da ədəbi-mədəni inteqrasiyanın gedişində çətinlik yaradır. İndi siyasi qərar və iradə var, üstəlik, parlament də bu məsələdə aktiv rol almağa başlayıb".

“Türk ölkələri arasında ortaq əlifba, ədəbi dil istiqamətində proseslər çox sürətli şəkildə irəliləyəcək”

Analitik əlavə edib ki, bu mərhələ Türk xalqlarının ortaq Türk əlifbasının yaradılmasında mühüm əhəmiyyətə malikdir:

"Artıq biz rahatlıqla deyə bilərik ki, Türk ölkələri arasında ortaq əlifba, ədəbi dil istiqamətində proseslər çox sürətli şəkildə irəliləyəcək. Əlbəttə, Türk Parlament Assambleyasının bu təşəbbüsü siyasi platforma ilə yanaşı, ideoloji platformanın da formalaşmasında mühüm bir məqamdır. Nəticə etibarilə, bütün bu çalışmalar konkret olaraq Türk ədəbi dili üçün ciddi bir baza rolunu oynaya biləcək”.

Jalə Rövşən 

TodayPress TV

tag: Mübariz Göyüşlü,Siyasi şərhçi,Qamus platforması,Ortaq Türk əlifbası,Todaypress.tv,

photo