Rusiyanın Bakıya qarşı "savaş”ında ALƏT OLA BİLƏRSİNİZ! – XƏBƏRDARLIQ!
“Rusiya təkcə Azərbaycana deyil, maraq dairəsindəki bütün ölkələrə casus şəbəkəsi ilə nüfuz edir”.
Politoloq Natiq Miri bunu son günlər Rusiyanın Azərbaycanda və digər ölkələrdə casus şəbəkələrinin ifşasının artması ilə bağlı TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, bu, nəinki regional, hətta qlobal kontekstdə dəyərləndirilməli, Rusiyanın məqsədli informasiya savaşı və nüfuz siyasətinin miqyasına diqqət edilməlidir.
“Moskva geosiyasi maraqlarının daxilində olan bütün ölkələrə, ABŞ və Avropa İttifaqı (Aİ) dövlətlərindən tutmuş, postsovet məkanına qədər bu siyasəti tətbiq edir. Əsas məqsəd bu ölkələrin daxili sabitliyinə təsir etmək, informasiya məkanına müdaxilə və ictimai rəyi manipulyasiya etməkdir. Bu fəaliyyətlər yalnız sosial media üzərindən aparılmır. “Rus evi” kimi mədəni mərkəzlər, bəzi media qurumları və müxtəlif institutlar vasitəsilə casusluq fəaliyyəti sistemli və çoxşaxəli şəkildə həyata keçirilir. Yəni burada söhbət sadəcə ayrı-ayrı fərdlərin fəaliyyətindən yox, məqsədli və mərkəzləşdirilmiş bir siyasətdən gedir”.
Analitik bu istiqamətdə yalnız hüquq-mühafizə və xüsusi xidmət orqanlarının deyil, bütövlükdə vətəndaş cəmiyyətinin və medianın üzərinə də məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Onun fikrincə, jurnalistlər, QHT-lər və fəal vətəndaşlar bu cür təxribatların və nüfuz cəhdlərinin qarşısının alınmasında həm hədəf, həm də alət olmamalıdır. Əksinə, onlar təhlükələrin üzə çıxarılması və ictimailəşdirilməsində aktiv rol oynamalıdırlar.
Qeyd edək ki, Azərbaycan Elektron Təhlükəsizlik Xidmətinin “META”ya şikayəti əsasında Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan 2 “Facebook” səhifəsi - “Azeri Time” və “Azeri Voice” səhifələri bağlanıb.
Töhfə Səməd
tag: Natiq Miri,Politoloq,Rusiya,Azərbaycan,Todaypress.tv,
