Müharibədən beş il keçib, Ermənistan itkiləri açıqlamır - SƏBƏBLƏR
Təhlil
14.10.2025 16:35
44 günlük müharibədən 5 il keçməsinə baxmayaraq, Ermənistan hökuməti hələ də müharibədəki itkilərin tam siyahısını və real sayını rəsmi şəkildə açıqlamayıb. Rəsmi İrəvan yalnız ümumi rəqəmlərlə kifayətlənib, lakin hərbi və mülki itkilərlə bağlı dəqiq statistika ictimaiyyətə təqdim olunmayıb.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əhəd Məmmədli bildirib ki, Ermənistanın açıqladığı rəqəmlər reallığı əks etdirmir:
“Ermənilər müharibədən sonra təxminən 3000 nəfər itki verdiklərini açıqlamışdılar. Halbuki Ermənistan daha çox itki verdi və nəticədə müharibəni uduzdu. Bu, Ermənistanın hərbi baxımdan məğlubiyyətinin göstəricisidir”.
Politoloqun sözlərinə görə, Paşinyan hökuməti üçün real itkilərin açıqlanması siyasi baxımdan təhlükəlidir:
“Paşinyan iqtidarına sərf etmir ki, real itkiləri ictimaiyyətə açıqlasın. Çünki bu zaman həmin itkilərin səbəbləri sorğulanacaq və bu da müxalifətin ona qarşı üstünlük qazanmasına gətirib çıxaracaq. Paşinyan çalışır ki, Qarabağdakı məğlubiyyəti və itkiləri unudulmuş kimi göstərsin. O, hər nə qədər “mənim günahım deyil’ desə də, bu hadisələr onun hakimiyyəti dövründə baş verib və birbaşa məsuliyyət daşıyır”.
Ekspert qeyd edib ki, Paşinyan indi “yeni səhifə” açaraq Ermənistanı inkişaf etdirməyə çalışır, lakin bu, Azərbaycanın maraqlarına uyğun deyil:
“İndi Azərbaycanda belə bir fikir formalaşıb ki, guya Paşinyan bizə sərf edir. Xeyr, Azərbaycana Ermənistanda heç bir erməni sərf etmir. Ermənistanın başında yalnız Türk dayansa, o zaman bizim maraqlarımıza uyğun olar. Bizim üçün əlverişli olan odur ki, Ermənistanda xaos, qarşıdurma, vətəndaş müharibəsi və hərc-mərclik olsun. Bu, Azərbaycanın strateji maraqları baxımından daha məqsədəuyğundur”.
O, həmçinin bildirib ki, Ermənistanın Qərbə inteqrasiya etməsi barədə fikirlər də reallığı əks etdirmir:
“Paşinyan Qərbyönlü siyasətçi deyil. Rusiyayla son danışıqlarında da göründü ki, Ermənistan hələ də Moskva ilə dərin ticarət əlaqələrinə malikdir. Ermənistan bu zəif vaxtında Azərbaycanın qarşısında dayana bilmir. Ancaq gücləndikdən sonra onların yenə də erməni olduqlarını unutmamalıyıq. Azərbaycan siyasətini elə qurmalıdır ki, Ermənistanın güclənməsinə imkan verilməsin”.
Jalə Rövşən
tag: Əhəd Məmmədli,Politoloq,Ermənistan,İtkilər,Todaypress.tv,
