Rusiya-Ukrayna münaqişəsinin danışılmayan tərəfləri: Türkiyə münaqişəni dayandıra bilərmi?

Təhlil

14.10.2025 16:07

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsinin həllinə kömək edə biləcəyini bildirib.

“Ərdoğan kömək edə bilər. Rusiyada və Putinin yanında ona hörmət edirlər. O, mənim dostumdur”, – Tramp qeyd edib.

Trampın bu açıqlaması ABŞ-Türkiyə münasibətlərində mühüm siyasi siqnal kimi dəyərləndirilir.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azad Məsiyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi ABŞ-nin strateji planının tərkib hissəsidir:

"Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu strategiya qorunur. Sadəcə, taktiki gedişlərdə fərqli addımlar atıla bilər. Amerikanın strateji planına görə, Rusiya-Ukrayna münaqişəsi eyni zamanda Avropa-Rusiya qarşıdurması geniş bir fazaya keçməlidir. Bu münaqişə Co Baydenin dövründə başlasa da, Trampın dövründə davam edir. Münaqişə başlayan gündən ABŞ Türkiyənin bu prosesdə tərəf olmasını tələb edirdi. Lakin Rəcəb Tayyib Ərdoğanın dövlət və milli maraqları nəzərə alaraq neytral mövqe sərgilədi, dəfələrlə sülh təşəbbüsü ilə çıxış etdi".

A.Məsiyev münaqişənin gedişində Ərdoğanın sülh səylərini xatırladıb:

"Baydenin dövründə Rəcəb Tayyib Ərdoğan iki dövlətin nümayəndələrinin Türkiyədə görüşünü təşkil etmiş, yaranmış taxıl böhranını da Rəcəb Tayyib Ərdoğan həll etmişdi. Həmçinin münaqişənin birinci ildönümündə Türkiyə liderinin təşəbbüsü ilə Rusiya-Ukrayna danışıqları başlamış, ilkin razılıq əldə olunmuşdu ki, atəşkəs elan olunsun. Lakin Volodimir Zelenski Qərb tərəfindən yenidən müharibəyə təhrik edildi və Rusiya ilə razılaşmadan imtina olundu. Yəni demək istədiyim odur ki, Ərdoğan Baydenin dövründən sülh təşəbbüsü ilə çıxış edir".

Politoloq əlavə edib ki, Türkiyə hər zaman sülh tərəfdarı olub:

"Türkiyə siyasət doktrinasında “yurdda sülh, cahanda sülh” fəlsəfəsini həyata keçirir.

Bu, təkcə Rusiya-Ukrayna münaqişəsinə aid deyil. Yaxın Şərqdə və Cənubi Qafqazda baş verən hadisələrdə də Türkiyə həmişə sülh təşəbbüsü ilə çıxış edib və vasitəçilik missiyasınıi yerinə yetirib".

Ekspertin fikrincə, Trampın son açıqlamaları daha çox taktiki xarakter daşıyır:

“Tramp guya Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə təşəbbüs göstərir, amma bu görüntüdən başqa bir şey deyil. Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Avropa və Rusiya arasında uzunmüddətli qarşıdurmanın davam etməsi ABŞ-nin strateji planının tərkib hissəsidir. Tramp buna qarşı gedə bilməz. Əgər getsə, hakimiyyəti uzunömürlü ola bilməz".

Türkiyənin mövqeyi daha ədalətli olduğu üçün onun vasitəçilik missiyası real təsir gücünə malikdir:

“Tramp yaxşı bilir ki, Putinin Ərdoğana xüsusi hörməti var. Türkiyə-Rusiya münasibətləri yüksək səviyyədədir, qarşılıqlı anlaşma mövcuddur. Türkiyə regional gücdən qlobal gücə çevrilir. Türkiyə və Azərbaycan gündəmində Türk Dövlətləri Təşkilatının fonunda Turan ittifaqının yaradılması prosesi gedir və bu, gələcəkdə yeni güc mərkəzinə çevrilə bilər. ABŞ isə münaqişənin müvəqqəti olaraq dayandırılması görüntüsünü yaratmaq istəyir. Çünki istər Rusiya-Ukrayna müharibəsi, istər Yaxın Şərqdəki İsrail-Fələstin və Qəzza məsələsi fonunda Amerikanın nüfuzuna ciddi zərbə dəyib. Beynəlxalq təşkilatlar və böyük dövlətlər ABŞ-ni sülhün bərpasında deyil, münaqişələrin körüklənməsində ittiham edir. Tramp Bayden dövründə yaranmış imic ziyanını aradan qaldırmaq üçün taktiki addımlar atır".

Analitik əlavə edib ki, Ukrayna-Rusiya münaqişəsinin tezliklə dayandırılması real görünmür:

“Əgər münaqişəni aradan qaldırmaq istəyirlərsə, bunu doğuran səbəblərə qiymət verilməli və həmin köklü səbəblər aradan qaldırılmalıdır. Təəssüf ki, bu gün istər Azərbaycan, istər beynəlxalq KİV-lərdə münaqişənin yalnız görünən tərəfi müzakirə olunur. Amma nəticəni doğuran səbəblərə qiymət verilmir”.

Jalə Rövşən 

TodayPress TV

tag: Azad Məsiyev,Politoloq,Rusiya,Ukrayna,Türkiyə,Tdoaypress.tv,

photo