Arzuxan Əlizadə: “Azərbaycan və Türkiyə TDT-nin əsas lokomotivləridir”

Təhlil

08.10.2025 17:58

Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşündə çıxış edərək bildirib ki, qəbul edilmiş Qəbələ Bəyannaməsi Türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirəcək. 

O, təşkilat daxilində həmrəyliyin və qarşılıqlı etimadın artdığını vurğulayıb, sədrliyi Azərbaycana təhvil verərək əminliyini ifadə edib ki, Bakı Türk xalqlarının birliyinə və inkişafına yönəlmiş səyləri davam etdirəcək.

“Təşkilatın formalaşmasında və güclənməsində Azərbaycanın rolu danılmazdır”

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının ideya müəlliflərindən biridir və qardaş Türkiyə ilə birlikdə təşkilatın əsas lokomotivi rolunu oynayır. 

"2009-cu ildə Naxçıvanda imzalanan Naxçıvan Bəyannaməsi ilə Azərbaycan, Qırğızıstan, Türkiyə və Qazaxıstanın birgə iştirakı nəticəsində əsası qoyulan türk dövlətləri birliyi bu gün Türk Dövlətləri Təşkilatı kimi fəaliyyət göstərir. Təşkilatın formalaşmasında və güclənməsində Azərbaycanın rolu danılmazdır. Qəbələdə keçirilən Zirvə Görüşündə Azərbaycan Qırğızıstandan sədrliyi qəbul edib və növbəti bir il ərzində təşkilata sədrlik edəcək".

Arzuxan Əlizadənin sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə rəsmi Zirvə Görüşlərindən əlavə, hər il qeyri-rəsmi Zirvə Görüşlərinin keçirilməsi ənənəsi də formalaşıb. Belə görüşlərdən biri Şuşada təşkil olunub.

“Azərbaycanın sədrliyi dövründə birlik daha da güclənəcək”

O, Azərbaycanın TDT-nin güclənməsində, Türk dövlətlərinin vahid siyasət yürütməsində və strateji hədəflərin müəyyənləşdirilməsində mühüm rol oynadığını deyib:

“Azərbaycan və Türkiyə bu təşkilatın güc mərkəzləri, əsas lokomotivləridir. Hesab edirəm ki, Azərbaycanın sədrliyi dövründə birlik daha da güclənəcək. Prezident İlham Əliyev Zirvə Görüşündə Türk dövlətlərinin ordularının birgə təlimlərinin keçirilməsi təklifini irəli sürdü. Həmçinin 1926-cı ildə Bakıda keçirilmiş türkdilli dövlətlərin ilk toplantısının 100 illiyi münasibətilə növbəti tədbirin hazırlanması elan edildi və bu tədbirə də Azərbaycan ev sahibliyi edəcək”.

Parlamentari əlavə edib ki, Türk Dövlətləri Təşkilatının Parlament Assambleyası (TÜRKPA) Azərbaycanda yerləşir və bu fakt ölkənin təşkilatdakı rolunu bir daha göstərir.

“Biz maraqlıyıq ki, Türk Dövlətləri Təşkilatı güclənsin və çoxqütblü dünyanın əsas mərkəzlərindən birinə çevrilsin. Prezident İlham Əliyev də andiçmə mərasimində vurğuladı ki, bizim ailəmiz türk ailəsidir. Azərbaycanın sədrliyi dövründə bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət həyata keçiriləcək,” – deyə A. Əlizadə qeyd edib.

Jalə Rövşən 

TodayPress TV

tag: Arzuxan Əlizadə,Deputat,Azərbaycan,Türkiyə,TDT,Todaypress.tv,